PDF Oxu

Xəbərlər

  • 16

Dəvəçi Şabran adlandırılacaq

Dəvəçi Şabran adlandırılacaq
Komissiyanın sədri Arif Rəhimzadə "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" qanun layihəsi barədə məlumat verərək demişdir ki, yerli əhalinin arzusuna əsasən əlaqədar qurumlar bu rayonun tarixi adı ilə, yəni Şabran adlandırılması xahişi ilə müraciət etmişlər. Toponimiya komissiyası da məsələyə müsbət rəy vermişdir. A.Rəhimzadə qeyd etmişdir ki, "Dəvəçi" toponimi də itməsin deyə, bu ad rayon ərazisindəki yaşayış məntəqələrindən birinə veriləcəkdir.
Məlumat verilmişdir ki, Dəvəçi rayonu əvvəllər Şabran adlandırılsa da, XVIII əsrdə xanlıqlar dövründə bu yaşayış mərkəzi dağıdılmışdır. Sonradan, 1930-cu ildə ərazi vahidi Dəvəçibazar, 1945-ci ildə isə Dəvəçi adlandırılmışdır.
Məsələ ətraflı müzakirə olunmuş, deputatlardan Fəttah Heydərov və Fəzail İbrahimli yer adlarının dəyişdirilməsi məsələsinə olduqca diqqətli yanaşmağın vacibliyini vurğulamışlar.
Sonra komissiyada "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında" dəyişikliklər edilməsi barədə məsələyə baxılmışdır. Bildirilmişdir ki, Bərdə rayonu ərazisində "Canavarlı" yer adının dəyişdirilməsi ilə əlaqədar bələdiyyələrin siyahısında həmin kəndin və bələdiyyənin adı müvafiq qaydada "Seyid Yusifli kəndi" və "Seyid Yusifli bələdiyyəsi" sözləri ilə əvəz olunur. Komissiya üzvləri məsələyə müsbət münasibət bildirmişlər.
Gündəlikdəki üçüncü məsələnin müzakirəsində deputatlar "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanuna təklif olunan dəyişiklikləri və əlavələri də məqbul saymışlar.
Komissiyada aparılan fikir mübadiləsinin yekununda hər üç qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

Digər xəbərlər