Bu gün Xocalı faciəsinə dair turnir keçiriləcək
Xocalı faciəsinin 17-ci ildönümü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən bu gün respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə "Mahir nişançı" turniri keçiriləcək.
2007-ci il 26 fevral tarixindən keçirilməyə başlanan turnirin əsas məqsədi, hər şeydən əvvəl, XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırım qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etməkdir.
Tədbirin keçirilməsinin digər bir səbəbi isə gənclərin ordu sıralarında hərbi xidmət hazırlığının yüksəlməsinə köməklik göstərməklə bərabər, onlar arasında güllə atıcılığı idman növünün geniş təbliğ edilməsinə şərait yaratmaqdır.
Xatırladaq ki, Xocalı faciəsinin 17-ci ildönümü münasibəti ilə Gənclər və İdman Nazirliyi və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin birgə keçirəcəyi "Mahir nişançı" turniri bu gün, yəni fevralın 26-da saat 13.00-da Bakıxanov qəsəbəsində yerləşən 1 nömrəli texniki İdman Cəmiyyətinin həyətində baş tutacaq.