PDF Oxu

Xəbərlər

  • 10

Zamanla səsləşən islahat

Zamanla səsləşən islahat
Dünən Sabunçu rayon Mədəniyyət Evində YAP Sabunçu rayon təşkilatının üzvlərilə "Yeni Azərbaycan" Təşviqat Qrupunun görüşü keçirildi. Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumun mahiyyəti barədə məlumat verdi. Bildirdi ki, bu dəyişikliklərin edilməsi cəmiyyətimizdə gedən inkişaf nəticəsində mümkün olub. M.Abasquliyeva Konstitusiyaya edilən dəyişikliklərin sosial sifariş olduğunu dedi: "Ötən il dekabrın 26-da parlament tərəfindən refendumun keçirilməsi haqqında qəbul edilmiş qərarı da böyük hadisə kimi xarakterizə etdi. Referendumun keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu təşəbbüs ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb".
Görüşdə "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun vəkili, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək bildirdi ki, ABŞ-ın hər bir ştatının Konstitusiyasında 28 dəfə dəyişiklik olunub. Qeyd olundu ki, Avropa ölkələrində də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi adi haldır. Millət vəkili 101-ci maddənin 5-ci bəndinə diqqəti çəkərək insanların seçib-seçilmək hüququnu məhdudlaşdırmağın yolverilməz olduğunu söylədi: "1947-ci ildə qədər ABŞ-da bir şəxsin iki dəfədən artıq prezident seçilməsi üçün heç bir məhdudiyyət olmayıb. Bu cür qadağaların olması demokratiyadan xəbər verə bilməz. Çünki heç bir demokratiya nəzəriyyəsində və təcrübəsində bu qadağanın olmasına rast gəlinməyib. Hətta bəzi ölkələrdə millət vəkillərinin də iki dəfədən artıq seçilməsini məhdudlaşdıran maddələr var. Bu prinsip həmin ölkələrə inkişaf gətirə bilməz".
E.Quliyev onu da qeyd etdi ki, tarix boyu Konstitusiya hər bir xalqın sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında formalaşdıran ali sənəd olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin siyasi sistemini müəyyənləşdirmiş ümumbəşəri demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva etmişdir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqillik idealına qovuşduqdan sonra dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyanı referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki dövlətin, habelə, xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən əsas qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir.
Millət vəkili Konstitusiyanın 101-ci maddəsi ilə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, 101-ci maddənin I bəndinə edilən əlavə və dəyişikliklər də mahiyyətcə demokratik norma və prinsiplərlə tamamilə uzlaşmaqla, respublikamızın hazırkı inkişaf tempi ilə səsləşir. Müəyyən qüvvələr bu maddə ətrafında ajiotaj yaratmaqla Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətini konyunktur maraqlar müstəvisindən şərh etməyə, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edən bu yeniliklərin mahiyyətini təhrif etməyə, bir sözlə, ictimaiyyəti çaşdırmağa çalışırlar. 101-ci maddədə nəzərdə tutulan əlavə və dəyişikliklər də respublikamızın sosial-iqtisadi, demokratik inkişafından irəli gəlir. Nəzərə almaq lazımdır ki, Konstitusiyamız qəbul edilərkən dövlətin sütunları hələ kifayət qədər möhkəm deyildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən çatışmazlıqlar mövcud idi, iqtisadi, siyasi, hüquqi islahatlara start verilməmişdi. Həmin vaxt cəmiyyətdə kommunizm ideologiyasının təsiri, totalitar düşüncə elementləri özünü daha qabarıq büruzə verirdi. O zaman 101-ci maddənin Konstitusiyada nəzərdə tutulması, yəni, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsi qarşısında müəyyənləşdirilən konstitusion baryer tamamilə məntiqəuyğun olub dövrün reallıqları ilə şərtlənirdi. Lakin ötən müddətdə Azərbaycanda elə siyasi-hüquqi, demokratik sistem formalaşmışdır ki, bu maddənin Konstitusiyada olub-olmaması elə də mühüm əhəmiyyət kəsb etmir. Ölkədə formalaşan yetkin siyasi düşüncə budur ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Yalnız xalqın siyasi iradəsi ilə baş tutan demokratik, azad, şəffaf seçkilərdə deputat seçilmiş şəxs Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu baxımdan, hər hansı şəxsin iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməsi respublikada demokratik proseslərin mahiyyətinə heç bir təsir göstərmir. Son nəticədə kimin prezident seçiləcəyini xalq müəyyənləşdirir. Eyni zamanda, hazırda Azərbaycan insan hüquq və azadlıqlarının aliliyini, demokratikləşmə proseslərinin davamlı olaraq aparılmasını beynəlxalq birlik qarşısında mühüm öhdəlik kimi götürmüşdür. Respublikamızda çoxpartiyalı siyasi sistem formalaşmış, vətəndaş cəmiyyəti təsisatlarının, mətbuatın fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Demokratik proseslərin qaçılmazlığı siyasi hakimiyyət tərəfindən də birmənalı qəbul edilir. Hakimiyyət üzərində ictimai nəzarət mexanizmlərinin möhkəmlənməsi fonunda 101-ci maddənin 5-ci bəndində nəzərdə tutulan əlavə və dəyişiklik heç bir tərəddüd doğurmur. Azərbaycanda cəmiyyətin siyasi və hüquqi təsisatlarının hazırkı inkişaf səviyyəsi, xalqın siyasi dünyagörüşü və seçim mədəniyyəti Konstitusiyada belə bir dəyişikliyin edilməsinə əlverişli imkan yaradır. Çünki ölkəmizin əldə etdiyi uğurlar, beynəlxalq öhdəliklərdən irəli gələn bir çox məsələlər bu dəyişiklikləri zəruri edir. Bu, demokratiyanın möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunmasına hesablanıb.
E.Quliyev ölkənin ictimai-siyasi həyatında həmişə fəallıq nümayiş etdirdiyini qeyd edərək, bu növbəti kampaniyada da aktiv olacağına əminliyini bildirdi.

Digər xəbərlər