PDF Oxu

Xəbərlər

  • 13

Referendum xalqın iradəsinin ən yüksək ifadəsidir

Referendum xalqın iradəsinin ən yüksək ifadəsidir
Dünən Badamdar qəsəbəsinin mədəniyyət mərkəzində YAP Səbail rayon təşkilatının üzvlərilə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrinin qəsəbə seçiciləri ilə görüşü keçirildi. Görüşdə YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatını sədri Zahid Qaralov çıxış edərək ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumun mahiyyəti barədə məlumat verdi. Bildirdi ki, bu dəyişikliklərin edilməsi cəmiyyətimizdə gedən inkişaf nəticəsində mümkün olub. Təşkilat sədri Konstitusiyaya edilən dəyişikliklərin sosial sifariş olduğunu dedi: "Referendumun keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu təşəbbüs ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb".
Z.Qaralov, həmçinin, onu da qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin milli dövlətçiliyimizin hüquqi-siyasi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini dedi: "Odur ki, müvafiq təşəbbüs əhalinin müxtəlif sosial təbəqələri tərəfindən yüksək səviyyədə dəstəklənir. Bu gün ictimai rəydə Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə münasibət birmənalı şəkildə müsbətdir".
Z.Qaralovun sözlərinə görə, ölkənin davamlı inkişafı naminə bu dəyişikliklərə getmək vacibdir: "Bəzi müxalifət partiyaları fəaliyyətimizə qara yaxmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Onlar yalnız fikirlərini 101-ci maddəyə təklif edilən dəyişikliklər əsasında qururlar. Hesab edirəm ki, biz əsaslı arqumentlərlə onların əks-təbliğatının qarşısını alacağıq. Çünki bu gün radikal müxalifət qruplarının bu dəyişikliklərlə bağlı heç bir ciddi arqumentləri yoxdur. Onlar Konstitusiyanın 158-ci maddəsinə istinad edərək bu Konstitusiyanın birinci bölməsinə əlavələrin edilməsinin qanuna zidd olmasını iddia edirlər. Burada xatırlatmaq yerinə düşür ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, sərbəst və müstəqil şəkildə öz müqəddəratını təyin etmək və öz idarəetmə formalarını müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur. Xalqın bu təbii hüququnu heç kəs, eləcə də, hər hansı siyasi qüvvə məhdudlaşdıra bilməz. Dövlətimizin Əsas Qanununda - Konstitusiyada birmənalı şəkildə qeyd olunur ki, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Çünki indi Azərbaycan iqtisadiyyatı elə bir inkişaf səviyyəsindədir ki, bunun üçün bütün imkanlar var və sosialyönümlü iqtisadiyyatın qurulmasının strateji hədəf kimi qarşıya qoyulması nəinki lazımdır, hətta vacibdir. Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edən Yeni Azərbaycan Partiyası da məhz bu reallığa istinad edib. Bəlli olduğu kimi, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, az qala, bir illik ictimai müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də qəbul olunub. Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş və qəbul olunduğu zaman kəsiyində bütün beynəlxalq institutlar tərəfindən müsbət qiymətləndirilmiş bu Konstitusiya, heç şübhəsiz ki, mükəmməl hüquqi sənəddir. 7 il sonra bu reallıqlar kəskin surətdə dəyişəndən sonra məhz ümumilli lider Heydər Əliyevin özü müəllifi olduğu Konstitusiyaya dəyişiklik barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi. 2002-ci ilin avqustunda keçirilən referendum sübut etdi ki, milli maraqları partiya maraqları kimi dəyərləndirən cüzi kəsimdən fərqli olaraq, ümumilikdə, cəmiyyət öz inkişaf tempini layiqincə qiymətləndirə bilir və təklif olunan dəyişiklikləri məqbul sayır."
Z.Qaralov Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı 29 maddənin təkmilləşdirilməsinin seçicilərə təklif olunduğunu dedi: "Bu dəyişikliklər, ilk növbədə, vətəndaşların hüquq və azadlıqlarının beynəlxalq səviyyədə qorunmasına xidmət edir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsində ikinci əsas sahəni sosial-iqtisadi məsələlər əhatə edir. Cəmiyyət üçün aktual olan bir sıra prinsipial əhəmiyyətli müddəalar üzərində apardığımız təhlillər də bunu bir daha təsdiqləyir. Konstitusiyanın 12-ci, 15-ci, 17-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər daha çox Azərbaycanın üstünlük verdiyi sosial-liberalizm xəttinin xarakterindən, dövlətin sosial yönümlü siyasətinin daha dolğun, hərtərəfli təmini, habelə, uşaq hüquqlarının qorunması istəyindən irəli gəlir. Məsələn, 12-ci maddəyə təklif olunan dəyişikliyə görə, insan və vətəndaş hüquqları və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" də dövlətin ali məqsədi kimi təsdiq edilir. 15-ci maddənin ikinci hissəsinə təklif edilən dəyişikliyə görə, Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".
YAP-ın ətrafında ən sağlam və demokratik qüvvələrin toplaşdığını deyən Z.Qaralov bu faktorun onları qələbəyə doğru aparacağını bildirdi.
Görüşdə "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun vəkili, akademik Yusif Məmmədov çıxış edərək bildirdi ki, bu kampaniya Seçki Məcəlləsinə görə, səsvermənin keçirilməsinə 28 gün qalmış başlayır. Tədbirin maarifləndirici xarakter daşıdığını nəzərə çatdıran "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun vəkili ölkənin ictimai-siyasi həyatına dair bütün məsələlərin referenduma çıxarılmasının mümkün olduğunu vurğuladı: "Yalnız ölkənin müstəqilliyinin əlindən alınması, ərazi bütövlüyü, dövlət büdcəsi və təyinat məsələləri səsvermə yolu ilə həll oluna bilməz".
Bu dəyişikliyin heç kimə əbədi prezident seçilmək imkanının vermədiyini söyləyən Y.Məmmədov onu da vurğuladı ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsi səsvermə yolu ilə baş tutacaq: "Hətta Böyük Britaniya və İsrail kimi dövlətlərin Konstitusiyası yoxdur. Konstitusiya əsas qanundur və bu, birbaşa ölkənin inkişafı ilə bağlıdır. Ölkəmizin əldə etdiyi uğurlar, beynəlxalq öhdəliklərdən irəli gələn bir çox məsələlər bu dəyişiklikləri zəruri edir. Bu, demokratiyanın möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunmasına hesablanıb. Milli Məclisin deputatı, onu da vurğuladı ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsi səsvermə yolu ilə baş tutacaq. Konstitusiyada 29 maddəyə 41 düzəlişin edilməsi nəzərdə tutulub. Bu dəyişikliklərin hər biri cəmiyyətin inkişafına, demokratik proseslərin daha da sürətlənməsində imkanlar yaradan düzəlişlərdir."
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli vəkili onu da qeyd etdi ki, ailənin dövlətin qayğısına qalması, şəxsi həyatın toxunulmazlığının qorunması, 40 min nəfər vətəndaşa seçib-seçilmək hüququnun verilməsi, bələdiyyələrin Milli Məclis qarşısında hesabatla çıxış etməsi və s. məsələlər əlavə və dəyişikliklərdə yer alıb: "40 min vətəndaşa referendum keçirmək imkanının yaradılması müsbət addımdır. Bu dəyişiklik əsasında artıq hər bir ölkə vətəndaşı, yuxarıda sadalanan məsələlər istisna olmaqla, digər məsələlərlə bağlı referendumun keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər".
Əlavə və dəyişikliklər içərisində texniki məsələlərin də olduğunu vurğulayan millət vəkili, burada Milli Məclisdə komissiyalarının komitə, Milli Bankın isə Mərkəzi Bank adlandırılmasının böyük məna daşıdığını qeyd etdi: "Bir sözlə, 200 illik müstəqillik tariximizin möhkəmləndirilməsi üçün milli Konstitusiyamızın daha da təkmilləşdirilməsinə ehtiyac var. Bəzi müxalifət qüvvələrinin referendum əleyhinə çıxmasını normal hal kimi qiymətləndirən millət vəkili, onlara təbliğat aparmaları üçün hər cür şəraitin yaradılıb."

Digər xəbərlər