Azərbaycanda əhalinin keyfiyyətli tibbi xidmətlə təminatı yaxşılaşdırılır
Dünən Səhiyyə Nazirliyində ölkə əhalisinin keyfiyyətli tibbi xidmətlə təminatını yaxşılaşdırmaq, eləcə də, müvafiq bilik və bacarıqlara malik kadr potensialının formalaşdırılması istiqamətində səhiyyə sistemində rezidenturaya qəbul məsələlərini müzakirə etmək məqsədi ilə tədbir keçirildi.
İclası giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev tibb təhsilindəki yeniliklər o, cümlədən, rezidenturaya keçid mərhələsi haqda kollegiya iştirakçılarına qısaca məlumat verdi. Daha sonra rezidentura təhsilinin təşkili və görülmüş nəzəri işlər barəsində danışmaq üçün söz Səhiyyə Nazirliyi aparatının rəhbəri Zəkiyyə Mustafayevaya verildi.
Aparat rəhbəri 19 iyun 2009-cu il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu ilə tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formalarından biri kimi rezidentura təhsili müəyyən edildiyini dedi. Bu işdə, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda rezidentura təhsilinin tətbiqinin əsas məqsədi ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin Ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılmasıdır. Eyni zamanda, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanması, habelə, ölkəmizdə verilmiş tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınması məqsədi daşıyır. Z. Mustafayeva qeyd etdi ki, Azərbaycanda Səhiyyə Sektorunun İslahatlar Layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin dünya təhsil sistemində qəbul olunmuş təcrübəyə əsaslanan təkliflərini nəzərə alaraq, Səhiyyə Nazirliyi rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında əmr imzalamışdır. Bu əmrə əsasən, 2011-ci ildən başlayaraq baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı, o cümlədən, rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan elm-təhsil müəssisələri və klinikaların siyahısı təsdiq edilmişdir. O bildirdi ki, 2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planı təsdiq olunmuşdur. Bu plana əsasən, səhiyyədə müxtəlif sahələr üzrə tibb mütəxəssislərinə olan mövcud və proqnozlaşdırılmış tələbata uyğun olaraq, 2011-2012-ci illərdə qəbul olunacaq rezidentlərin sayı 300 nəfər müəyyən edilmiş və bu il qəbul olunan rezidentlərin ödənişsiz əsaslarla təhsil alması nəzərdə tutulmuşdur. Z.Mustafayeva çıxışının sonunda ölkəmizdə rezidentura təhsilinin tətbiqi sahəsində görülmüş və görüləcək işlər bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan verəcəyini əminliklə qeyd etdi.
Daha sonra rezidenturaya keçidlə əlaqədar olaraq yüksək ixtisaslı həkim mütəxəssislərinin hazırlanmasında ATU kollektivinin qarşısında duran əsas vəzifələrlə bağlı məruzə edən Tibb Universitetinin rezidentura şöbəsinin müdiri H.Bağırov bu sahədə görülmüş praktiki işlər haqqında kollegiya iştirakçılarına məlumat verdi.
ATU-nun rektoru, akademik Ə.T.Əmiraslanov çox böyük və məsuliyyətli bir işin - rezidenturaya keçid mərhələsinin getdikcə daha da təkmilləşəcəyini və bu istiqamətdə atılan addımlar, yeni işıq üzü görən elmi nəşrlər, rotasiya kimi məsələlərə də toxundu.
Daha sonra rezidentura mərhələsinə keçidə dair kollegiya iştirakçılarını maraqlandıran suallar səsləndirildi və bu səpkidə müzakirələr aparıldı.
Sonda səhiyyə naziri Oqtay Şirəliyev rezidentura mərhələsinə keçid istiqamətində görülən işləri məqbul hesab etdiyini tədbir iştirakçılarının nəzərə çatdırdı.