Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, 1 milyondan artıq insanı ev-eşiyindən didəgin salan Ermənistan dünyada həm də terroru dəstəkləyən dövlət kimi tanınır. Zəbt etdiyi Azərbaycan torpaqlarında bütün mədəniyyət abidələrini dağıdıb, yerlə yeksan edən təcavüzkar Ermənistan hətta rayonlarımızın adlarını belə dəyişdirib. Bizdə təəssüf doğuran ən önəmli məqamlardan biri odur ki, beynəlxalq birlik bu haqsızlığa və ədalətsizliyə hər dəfə göz yumur.
Beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, işğalçı dövlətə qarşı heç bir ciddi sanksiya tətbiq etmir. Amma nəzərə almaq lazımdır ki, Liviyada öz xalqına divan tutan Qəddafi rejiminə 2-3 saat ərzində BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etdi və çox keçmədən həmin qətnamənin icrasını həyata keçirməyə başladı. Amma 20 ildir ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistana qarşı BMT-nin çıxardığı 4 qətnaməsinin icrası hələ də həyata keçirilməyib. Millət vəkili Asəf Hacıyev bizimlə söhbəti zamanı bildirdi ki, BMT çıxardığı bütün qərarların icrasını mütləq yerinə yetirməlidir. Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıdıqları halda, işğalçı dövlətə qarşı heç bir ciddi sanksiya tətbiq etmir, Ermənistanı cəzalandırmırlar. Bu isə, bizdə yalnız təəssüf hissi doğurur.
Millət vəkili Dovil də ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdikləri bəyanatı şərh edərkən vurğuladı ki, tək bəyanatla real iş həll olunmur, artıq təzyiq rıçaqları da mütləq şəkildə işə salınmalıdır: "İşğalçı Ermənistan dövləti etdiyi bütün vəhşiliklərə, qəddarcasına törətdiyi bütün qətliamlara, soyqırımlara görə, nəhayət ki, öz layiqli cəzasını almalıdır. Yaxud da beynəlxalq birlik və aparıcı dövlətlər torpaqlarımızı zəbt etmiş Ermənistanı sülhə məcbur etməlidir. Erməni separatçı qüvvələri qeyd-şərtsiz Dağlıq Qarabağ və ona bitişik ərazilərdən çıxarılmalıdır".
Millət vəkili onu da əlavə etdi ki, Ermənistan tək ərazilərimizi işğal etməklə kifayətlənməyib. Həmin yerlərdə mənəvi-mədəni dəyərlərimizə də vaxtaşırı olaraq, təcavüz ediblər. İşğalçı Ermənistan bütün beynəlxalq qanunlara, insanlıq prinsiplərinə meydan oxuyur, torpaqlarımızı hələ də işğal altında saxlayır.
Millət vəkili Dovil bəyanatının Azərbaycan dövlətini qane etdiyini vurğuladı: "Əslində, belə bir bəyanat çoxdan səslənməli idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədr ölkə prezidentləri problemin həllində maraqlı olduqlarını göstərdilər. Dovil bəyanatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hardasa müəyyən bir təkan ola bilər."
Millət vəkili verdiyi açıqlama zamanı onu da söylədi ki, işğal altında saxlanılan Azərbaycan torpaqlarının azad edilməsinə yönələn Dovil bəyanatından, yəqin ki, Ermənistan rəhbərliyi istənilən lazımi nəticəni çıxaracaq.
A.Hacıyev, həmçinin, vurğuladı ki, məlum bəyanat iyun ayının 25-də keçiriləcək Kazan görüşündə də hansısa müəyyən razılaşmanın əldə olunmasına təkan verə bilər. Hər halda, ümidimizi qətiyyən itirməməliyik və çox nikbin əhval-ruhiyyə ilə Kazan görüşünə hazırlaşmalıyıq. Dövlətimiz ümidlərini yalnız görüşlərə bağlamır, bütün istiqamətlər üzrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə çalışır: "Əgər indiyə qədər dövlət səviyyəsində keçirilən görüşlərin heç birində Dağlıq Qarabağ münaqişəsi həll olunmayıbsa, bunun yeganə səbəbkarını və günahkarını yalnız Emənistan rəhbərliyində axtarmaq lazımdır. Qeyri-adekvat oyunlar oynamaq, qeyri-konstruktiv siyasət yürütmək yalnız Serj Sarkisyan fakturasına xas olan bir əməldir. O prezident seçildiyi 2008-ci ildən indiyə qədər heç bir ciddi siyasət yürüdə bilməyib. Ölkədə vəziyyət daha da gərginləşən zaman isə, bu səs-küyü müəyyən qədər sakitləşdirmək üçün Azərbaycanı hədələyici bəyanatlar verməklə, guya ki, "qorxutmaq" istəyir. Və yaxud üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə hədələməyə cəhd göstərir. Təbii ki, bütün bunlar daxili auditoriyaya hesablanmış çox cılız bir mesajdır. Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın yaydığı bu tip bəyanatlar heç bir əhəmiyyəti və önəmi olmayan söz yığından başqa bir şey deyil".
AYLANA RZAYEVA