Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları ilk öncə təşkilatın qərargahının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib əklil və gül çiçək dəstələri düzdülər. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyevin, millət vəkilləri Eldar Quliyev və Qabil Salahzadənin iştirak etdiyi tədbirdə qonaqlar daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən filmə tamaşa etdilər. Sabunçu rayon icra hakimiyyətinin başçısı Ə.Əliyev tədbirdə giriş sözü ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmaqla, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edib.
Sabunçu rayon 142 saylı məktəbin direktoru Gülnaz Abdullayeva da, Ulu Öndərin həyatının müxtəlif dövrlərini özündə əks etdirən fikirlərlə çıxış etdi. O, Azərbaycan xalqının öz liderinə həmişə böyük sədaqət və məhəbbətinin açıq şəkildə ifadə etdiyini də vurğuladı.
Milli Məclisin üzvü Eldar Quliyev də, çıxışında 15 İyun Milli Qurtuluş Gününün bizim hamımız üçün böyük bir bayram olduğunu vurğuladı. Millət vəkili Ulu Öndərlə bağlı xatirələrindən bəhs edərək, Onun millətimiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə toxundu. Qeyd etdi ki, Azərbaycan ikinci dəfə öz milli müstəqilliyinə qovuşduğu illərdə çox böyük çətinliklərlə üzləşmişdi. Məhz Ulu Öndərin dərin zəkası tükənməz enerjsisi sayəsində Azərbaycanın yoxolma, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas olduğunu söyləyən E.Quliyev bu gün Onun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dövlətimizin maraqlarının daha geniş sferada təmin olunduğunu da diqqətə çatdırdı. Tədbirin sonunda rayon ictimaiyyəti adından 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Prezident İlham Əliyevə müraciət qəbul edildi.
T.Qurbanlı