"Bu vaxta kimi nazirlər, nazirlik və komitə işçiləri dövlət qulluqçusu statusuna aid olunurdu. İndi isə mərhələ-mərhələ səhiyyə işçilərinə dövlət qulluqçusu statusu veriləcək". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib. O bildirib ki, Dövlət Qulluğu Haqqında Qanunun icrası ilə bağlı Səhiyyə, Təhsil və Ədliyyə nazirlikləri tərəfindən müəyyən sənədlər hazırlanmalı və sərəncamlar verilməlidir. O.Şirəliyevin sözlərinə görə, hazırda bu sahədə çox böyük işlər aparılır. "Dövlət Qulluğu Haqqında Qanun qüvvədədir. Yaxın zamanlarda bu qanunun mexanizmi hazırlanmalıdır. O da bu yaxınlarda həll olunacaq. Səhiyyə sahəsində də 65 yaşdan yuxarı çalışan mütəxəssislər var. Onların arasında yüksək təcrübəli, bilikli kadrlar var və yüksək səviyyədə çalışırlar. Həmin mütəxəssislərə öz fəaliyyətini davam etdirməyə imkan veriləcək. 65 yaşlı bəzi tibb elmlər namizədi, tibb elmlər doktoru olan mütəxəssislər də az deyil. Onlara da əlavə təqaüdlər veriləcək. Ancaq sonda kimin 65 yaşı olacaqsa, təqaüdə çıxacaq", - deyə o əlavə edib.