PDF Oxu

Xəbərlər

  • 6

Səsvermə hüququnun 18-dən 16-ya endirilməsi...

Səsvermə hüququnun 18-dən 16-ya endirilməsi...

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi İşlər Komitəsində "Səsvermə hüququ üçün yaş həddinin 18-dən 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi" məsələsinin serbiyalı deputat tərəfindən qaldırılması beynəlxalq aləmlə yanaşı, Azərbaycanda da müxtəlif müzakirələrə səbəb olmuşdur. Belə ki, sözügedən məsələyə müxtəlif prizmalardan yanaşan siyasi ekspertlər öz fikirləri ilə müəyyən və maraqlı məqamlara toxunmaqdadırlar. AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovun qənaətinə görə, seçkilərə yaşlı nəslin marağı getdikcə azalır və gənclərin səsverməyə daha çox cəlb olunması istiqamətində addımlar atılması tövsiyə edilir.

Digər millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, belə bir qanunun Azərbaycanda qəbulu yolverilməzdir. Məsələn, o qeyd edib ki, hazırda qonşu İranda seçicilərin yaş həddi 14 yaşından müəyyənləşdirilib: "Lakin bu, o demək deyil ki, İranda sırf demokratiya mövcuddur." Politoloqun fikrincə, qonşu dövlətdəki bu mövcudluq demokratiya deyil, sadəcə, dini və digər siyasi ambisiyalara hesablanmış yaş həddidir.

Xatırladaq ki, seçkilərdə iştirak üçün yaş həddinin 16 yaşadək azaldılması istiqamətində Avropa məkanında yalnız Avstriya xüsusi təşəbbüs göstərib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin qəzetimizə verdiyi açıqlamasına görə, Azərbaycanda AŞPA-da müzakirə olunan təklifi reallaşdırmaq düzgün olmazdı və ölkəmizdə bunu tətbiq etməyin zamanı çatmayıb: "Çünki Azərbaycan, ilk növbədə, belə qanunun qəbuluna hələ hazır deyil və Azərbaycandan fərqli olaraq, bu təklifi reallaşdıran dövlətlərin torpaqları işğala, təcavüzə məruz qalmayıb".

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər