PDF Oxu

Xəbərlər

  • 23

“İKT və telekommunikasiya sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artıb”

“İKT və telekommunikasiya sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artıb”

Hesabat dövründə İKT və telekommunikasiya sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur. SİA-nın xəbərinə görə, bunu iyulun 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

O bildirib ki, hesabat dövründə, o cümlədən Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib: "Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə vardır. Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı vardır. Ölkəmizdə internet xidmətləri sürətlə yayılmaqdadır və bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır. Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirib. Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə bu rəqəm daha da artıb və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Müasir informasiya texnologiyalarının tətbiqi ilə idarəçilik mexanizmlərinin inkişaf etdirilməsi baxımından Sizin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli Fərmanınızı xüsusilə qeyd etmək istəyirəm. Bu fərman ölkədə vətəndaş-dövlət münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və dövlətə olan inamın artmasında mühüm rol oynayır. Elektron xidmətlərin tətbiqi, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və bürokratiyanın azaldılmasına şərait yaradacaq. Fərmanın icrasının tam yerinə yetirilməsi üçün cari və gələcək illər üçün fəaliyyət proqramı fərmana uyğun olan vaxtda hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq".

Nazir qeyd edib ki, digər vacib məsələ vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin sürətli inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə hesabat dövründə "Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə Strategiya" hazırlandığını deyən Ə.Abbasov vurğulayıb ki, strategiya yaxın bir neçə ildə ölkədə internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur.

Digər xəbərlər