Dünən YAP Nəsimi rayon təşkilatında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları salamlayan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanla Rumıniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi.
Hər iki ölkənin dost, strateji tərəfdaş olduğunu deyən M.İbrahimqızı Rumıniyanın Azərbaycanın müstəqilliyini ikinci tanıyan dövlət olduğunu vurğuladı: "Bu fakt Rumıniyanın Azərbaycana olan münasibətinin göstəricisidir. Rumıniya Avropa Birliyinin, NATO-nun üzvü kimi Avropada xüsusi çəkisi olan dövlətdir. Biz beynəlxalq təşkilatlar səviyyəsində fəal əməkdaşlıq edirik. Sevindirici haldır ki, Rumıniya ölkəmizi beynəlxalq müstəvidə hər zaman dəstəkləyir. Mən dəfələrlə Rumıniyada səfərdə olmuşam və bu ölkənin Azərbaycana olan isti, xoş münasibətinin şahidiyəm".
M.İbrahimqızının sözlərinə görə, Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərləri, dövlətlər arasında imzalanmış vacib sənədlər münasibətlərin əhəmiyyətindən xəbər verir.
Hər iki ölkənin hakim partiyaları arasında da sıx münasibətlərin olduğunu vurğulayan M.İbrahimqızı partiyaların gəncləri arasında yaranmış əlaqələrin də təqdirəlayiq olduğunu bildirdi. Onun fikrincə, gənclərin qarşılıqlı əlaqələri partiyaların gələcək əməkdaşlığının uğurlu perspektivindən xəbər verir.
M.İbrahimqızı, həmçinin, qonaqlara Azərbaycan dövlətinin gənclər siyasəti haqqında da məlumat verdi. O bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son illər ölkəmizdə bu istiqamətdə böyük nəticələr əldə edilməkdədir. Millət vəkili Azərbaycanda gənclər siyasəti ilə əlaqədar qəbul olunmuş dövlət proqramları, gəncliyin inkişafı istiqamətində atılan addımlar, xüsusi istedada malik olan gənclərə olan qayğının ciddi nəticələr verdiyini vurğuladı.
Rumıniyanın Liberal-Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndə heyətinin rəhbəri Andrey Florea yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Azərbaycanla Rumıniyanın dost ölkələr olduğunu deyən qonaq hər iki ölkənin gəncləri arasında da dostluq əlaqələrinin vacibliyini söylədi. Onun sözlərinə görə, Azərbaycan və Rumıniyanın hakim partiyalarının gəncləri arasında yaranmış münasibətlər məhz dostluq əlaqələrimizin inkişaf etdirilməsinə və gücləndirilməsinə xidmət edir: "İnanırıq ki, YAP və PDL gəncləri arasında əməkdaşlıq bundan sonra da uğurla davam edəcək. Biz gələcəkdə də birgə layihələri həyata keçirməyi nəzərdə tuturuq. Ümumiyyətlə, rumın gəncləri olaraq Azərbaycanın gənclər təşkilatlarının Avropaya inteqrasiya etməsinə dəstək verməyə hazırıq".
YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Sərraf Hüseynov isə təşkilatda 5 min nəfərə qədər gəncin birləşdiyini bildirdi. Onun sözlərinə görə, bu gənclər YAP-ın bütün tədbirlərində, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər: "Sizin ölkəmizə səfəriniz dövründə belə bir xəbər eşitdik ki, Rumıniyada keçirilən beynəlxalq güləş yarışında azərbaycanlı idmançı ermənini məğlub edib. Yəqin ki, bu qələbənin əldə olunmasında Rumıniyanın insanlarının Azərbaycana olan isti münasibətinin də rolu var".
Görüşün sonunda M.İbrahimqızı rumın gənclərə Ermənistanın Azərbaycana qarşı təcavüzünü əks etdirən ingilis dilində nəşr olunmuş kitab hədiyyə etdi.
R.KAMALQIZI