Disporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Polşada yaşayan azərbaycanlılar Rusiyanın "Vesti FM" radiostansiyasının efirində jurnalist Vladimir Solovyovun çoxmillətli Azərbaycan xalqının ünvanına təhqirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyasının Polşadakı səfiri Aleksandr Alekseyevə etiraz məktubu ünvanlayıblar.
"Təhqiramiz ifadələrin və milli ədavəti qızışdırılmasına yönəlmiş açıq-aşkar ekstremist çağırışların Rusiya Federasiyasının ən iri media-korporasiyası- VQTRK-nin tərkibinə daxil olan radiostansiyanın efirində xüsusilə təəssüf doğurur", - məktubda qeyd olunur.
Polşada yaşayan azərbaycanlıların "Birlik" Assosiasiyasının ünvanladığı məktubda jurnalist Solovyovun efirdə işlətdiyi ifadələr Azərbaycan və Rusiya arasındakı mövcud mehriban qonşuluq münasibətlərinə qarşı yönəlmiş təxribat kimi dəyərləndirilir. Polşadakı Azərbaycan diasporu "anti-Azərbaycan kartını oynamaq və Azərbaycanla Rusiya arasındakı münasibətlərə nifaq salmaq istəyən qüvvələrin layiqli cavab alacaqlarına ümid etdiyini" qeyd edərək, VQTRK media-korporasiyasından və Rusiya Federasiyasının müvafiq dövlət strukturlarından canlı efirdə Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr işlədən "jurnalist" barəsində lazımi tədbirlərin görülməsini xahiş edib.
ZÜMRÜD