"Ermənilərin Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının nəzərdə tutulan görüşündə iştirakdan imtina etməsi yaxşı hal deyil. Təbii ki, bu hadisəni mənfi qiymətləndiririk". Bu fikirləri Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova belə görüşün keçirilməsinin təşəbbüskarı Azərbaycan tərəfinin olduğunu və ATƏT PA-nın payız sessiyasında ilk olaraq bu məsələni qaldırdığını xatırladıb. Onun sözlərinə görə, bu təşəbbüs sonradan müxtəlif beynəlxalq qurumlar və ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənib: "Dağlıq Qarabağın erməni icmasının bu tədbirə qatılmayacağı gözlənilən idi. Çünki onlar bu təşəbbüsə yanaşmalarında guya bu görüşdə özləri üçün mənfi nəticələrə gətirib çıxara bilən məqsədlər hiss etdiklərini iddia edirlər. Amma Azərbaycan tərəfi, hər zaman olduğu kimi, öz vətəndaşlarının milliyyətindən asılı olmayaraq, bir araya gəlməsi, gələcək həyatını müzakirə etməsini, gələcəkdə Dağlıq Qarabağda icmaların birgə yaşayışının forması və regionun idarə olunması barədə fikir mübadiləsi aparılmasını məqsədəuyğun hesab edir. Təəssüf ki, erməni tərəfi bu görüşdə iştirak etmədi. Buna baxmayaraq, bu cəhdlər davam etməlidir və beynəlxalq ictimaiyyət də bilməlidir ki, sülh istəkləri hansı tərəfdədir və kim konstruktiv mövqedən qaçır. Yəni bu fakt ermənilərin qeyri-konstruktivliyini beynəlxalq aləmə nümayiş etdirir".
B.Muradova onu da vurğulayıb ki, artıq erməni icmasının bu görüşdən imtina etməsi beynəlxalq ictimaiyyətin qınağı ilə qarşılanıb və ilk olaraq belə qınaqlar Berlində səslənib: "Bizim bu təşəbbüslərimiz davamlı olacaq. Əgər biz davamlı olaraq belə görüşlərin keçirilməsinə çalışacağıqsa, ermənilər də davamlı olaraq iştirak etməyəcəksə, deməli, qınaq da davamlı olacaq və daha geniş miqyas alacaq. Ona görə də, Azərbaycan tərəfi olaraq bu məsələdə prinsipial mövqeyimizi göstərməliyik. Yəni Azərbaycan dövləti və xalqı maraqlıdır ki, Dağlıq Qarabağın bütün vətəndaşları bir araya gəlsin və öz aralarında olan etimadsızlığı, inamsızlığı aradan qaldırmaq üçün cəhdlər göstərsinlər".
Rəfiqə KAMALQIZI