"2011-ci ildə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atılıb, bu məsələ hər zaman diqqət mərkəzində olub. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının diqqəti və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti olduqca yaxşılaşıb. Bununla yanaşı, ali məktəblərə ödənişli əsaslarla qəbul olunan qaçqın və məcburi tələbələrin ödənişdən azad olunması olduqca mühüm bir addım idi və bu addıma görə hər bir qaçqın və məcburi köçkün ailəsi möhtərəm Prezidentimizə minnətdarlıq edir". Bunu yap.org.az saytına millət vəkili İmamverdi İsmayılov deyib.
İmamverdi İsmayılov bildirib ki, qaçqın və məcburi köçkün rayonların əhalisi Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasi kursu dəstəkləyir. Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində həyata keçirilən siyasi kurs yaxın dövrdə öz bəhrəsini verəcək: "Artıq bütün dünya Ermənistanın əsl simasını tanıyır və işğalçı ölkənin terror siyasəti yürütdüyü ifşa olunur. Ötən il münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar verməsi bizdə böyük inam yaradıb. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Bununla yanaşı, ölkəmizin BMT TŞ-da təmsilçiliyi bu inamı daha da gücləndirir".