"Azərbaycanın istər ərəb ölkələri, istərsə də postsovet məkanında və digər regionlarda olan ayrı-ayrı dövlətlərlə müqayisəsi qüsurlu haldır". SİA-nın xəbərinə görə, bunu Milli Məclis Sədrinin müavini Bahar Muradova "Azərbaycan" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu, Azərbaycanın regionun lider dövləti olmasından, eləcə də iqtisadi sahədə əldə etdiyi uğurlardan, dünyada gedən siyasi proseslərdə həlledici fiqura çevrilməsindən narahat olanların mövqeyidi: "Onlar belə təxribatçı suallarla özlərini pis vəziyyətə qoydular. Mən onların halına acıyıram. Məqsəd açıq-aydın görünür ki, bu, Azərbaycanın inkişafını qəbul etməməzlikdən irəli gəlir". Parlamentin vitse-spikeri bildirib ki, bu gün dünyada baş verən inqilabi hadisələrlə Azərbaycanı müqayisə etməyə cəhd göstərənlər və Azərbaycanda da bunun baş verə biləcəyini proqnozlaşdıranlar yanılırlar: "Ən azı son 20 ildə bizim gündəlik rastlaşdığımız hadisələr və bu kimi proqnozların puça çıxması bunu sübut edir. Azərbaycanın ictimai-siyasi reallığı inkişafda olan bir ölkənin mənzərəsidir. Bu, xalqın iradəsi, istək və arzusu ilə reallaşan siyasətdir. Bu siyasətin əsası zamanında ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bunun üçün çox möhkəm baza yaradılıb. Bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir". Bahar Muradova vurğulayıb ki, Azərbaycan bu il və bundan sonrakı illərdə də dünyanın diqqət mərkəzində olacaq. Ölkədə "Evrovizion" mahnı müsabiqəsi keçiriləcək. Çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi olunacaq. Azərbaycan 2020-ci ilə qədər qarşısına mühüm hədəflər qoyub. "Sağdan-soldan, şimaldan-cənubdan edilən təzyiqlərə baxmayaraq Azərbaycanı yolundan döndərmək mümkün deyil, Azərbaycan xalqı ölkə Prezidentinin yeritdiyi siyasəti dəstəkləyir və daim onun yanındadır. Mən şəxsən bir azərbaycanlı olaraq Prezident İlham Əliyevə təşəkkür edirəm ki, o, Azərbaycanın qürurunu, dövlətin mövqeyini, siyasətini bizim hamımızın ürəyindən olan münasibət kimi bəyan etdi və təxribatçıları belə yerində oturtmağı bacardı"