"Azərbaycanda ali məktəbə qəbul olmayanlarla bağlı xüsusi proqram yaradılmalıdır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı dəyirmi masada bildirib.
"İldə 100 minə qədər şəxs məktəbi bitirir və onun təxminən 30 mini ali məktəbə daxil olur. Bəs digər 70 mininin taleyi necə olur?", deyə Abel Məhərrəmov vurğulayıb. Onun sözlərinə görə, ali məktəbə qəbul olunmayanlarla bağlı xüsusi proqram 2020-ci ilədək hesablanan strategiyanın əsas hədəflərindən biri olmalıdır. A. Məhərrəmov həmçinin bildirib ki, bu gün orta məktəbin yuxarı siniflərində tədrisin keyfiyyəti saxlanılmalıdır. "Məktəbdən qaçaraq uşaqlar repetitor yanına gedirlər, məktəb imtahanında bir cür, ali məktəbə isə başqa mövzulardan imtahan verirlər. Təhsili vahid metodoloji müstəviyə gətirmək lazımdır",- deyə millət vəkili əlavə edib.