PDF Oxu

Xəbərlər

  • 11

“Atam qəhrəmandır” Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunub

“Atam qəhrəmandır” Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunub

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və gənclər birliyinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində Xocalı soyqırımının gənclər arasındakı təbliğini gücləndirmək məqsədi və dövlətimizin bu hadisənin ildönümü ilə bağlı qəbul etdiyi tədbirlər planına uyğun olaraq, "Atam qəhrəmandır" adlı tədbir keçirilib. Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirdə Milli Məclisin deputatları, ziyalılar və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Xocalı soyqırımının iki əsrdən artıq bir müddətdə ermənilərin azərbaycanlılara qarşı yürütdükləri təcavüzkarlıq siyasətinin davamı kimi qiymətləndirib. O, qeyd edib ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edərək, dünyada misli görünməmiş soyqırımı törətmişlər. Bu hadisə zamanı 613 nəfər dinc azərbaycanlı, o cümlədən, 63 uşaq, 106 qadın işgəncə ilə öldürülüb. Səkkiz ailə tamamilə məhv edilib. 1275 sakin girov götürülüb. Bu reallıqlara əsaslanan N.Məhəməliyev Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktlarından biri olaraq daxil olduğunu bildirib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin müdafiə diplomatiyasından hücum diplomatiyasına keçdiyini diqqətə çatdırıb: "Bunun nəticəsində ermənilər təşvişə düşmüşlər. Azərbaycanın inkişafı, dünyada artan siyasi nüfuzu son nəticədə qələbə ilə nəticələnəcəkdir. Xocalı faciəsini erməni quldurları ona görə törətmişlər ki, xalqı qorxudaraq min illərlə yaşadıqları torpaqları tərk etməyə məcbur etsinlər. Lakin Azərbaycan xalqı öz torpağını mərdliklə müdafiə edərək, minlərlə şəhid vermişdir. Xocalı soyqırımını unutmağa heç bir azərbaycanlının haqqı yoxdur".

Təşkilatın sədri Azərbaycanın müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdiyini diqqətə çatdırdı. Bu gün uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsil qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım əməlləri də tarixin açılmamış səhifələrindən biridir. Millət vəkili son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxardığını bildirdi: "Bu gün bu dəhşətli faciənin həm dünya dövlətləri və xalqları arasında, həm də Azərbaycanı gələcəkdə hər cəhətdən təmsil edəcək gənclərimizin arasında təbliğ etmək hər bir azərbaycanlının borcudur. Bu tədbir gənclərimizin Xocalı faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və bir dərs kimi baxması belə hadisələrin dünya ictimaiyyətinə və beynəlxalq hüququn diqqətinə hərtərəfli şəkildə çatdırılmasında onlara yardımçı olmaq missiyası daşıyır". Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov, millət vəkili Jalə Əliyeva çıxış edərək, Xocalı soyqırımı zamanı baş verən faciəni dilə gətirib, ermənilər tərəfindən həyata keçirilən terror aktına münasibətlərini bildiriblər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.


NƏZAKƏT

Digər xəbərlər