"Müxalifətin keçirdiyi mitinq yox, piket idi". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın (İP) Bibiheybət qəsəbəsindəki Sürücülük Məktəbinin həyətindəki meydançada keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.
İcazəli aksiyanı izlədiyini deyən millət vəkili öz iradlarını da bildirib: "Bunu mitinq yox daha doğrusu iki, üç nəfərin hər hansı bir mərasimdə bir yerə toplaşması adlandrımaq olar. Eyni zamanda vətənpərvərlikdən dəm vuran aksiya iştirakçıları öz partiyalarının bayraqları ilə yanaşı, Azərbaycan bayrağını da yerə atıblar. Azərbaycan bayrağına belə hörmətsizlik etmək onların səviyyəsinin göstəricidir. Çünki Azərbaycan bayrağı Azərbaycan dövlətinin simvoludur. Bu bayrağı uclatmaq üçün Azərbaycan xalqının minlərlə insanı həyatını itirib". Aksiyada səsləndirilən şüarlara gəlincə, S.Novruzov bildirib ki, seçkilər yaxınlaşdıqca müxalifət partiyaları bu və ya digər məsələni gündəmə gətirir: "Belə çıxır ki, müxalifətin yalnız seçkilər dövründə Qarabağ problemi yadına düşür. İndiki müxalifət bu metodlardan istidafə edərək bir dəfə - 1992-ci ildə hakimiyyətdə olub. Xalqı növbəti dəfə bu cür üsullarla aldatmaq mümkün deyil. Onlar unutmamalıdırlar ki, bu problemin həlli Azərbaycan dövləti tərəfindən başlıca vəzifə kimi qəbul edilir. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası qalib gəlib. Bu fakt onu göstərir ki, Azərbaycan vətəndaşları, seçiciləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasəti dəstəkləyir. Eyni zamanda bütün bunlar müxalifətin xalq tərəfindən boykot edildiyinin göstəricisidir".