PDF Oxu

Xəbərlər

  • 14

YAP Qax rayon təşkilatı hesabat verib

YAP Qax rayon təşkilatı hesabat verib

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının növbəti VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzmüşlər.

Daha sonra konfrans öz işini rayon icra hakimyyətinin akt zalında davam etdirib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov təşkilatın VI konfransdan ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edərək, Yeni Azərbaycan Partiyasının ötən 19 il dövr ərzində Azərbaycan dövlətçiliyinin inkişaf yolunda apardığı məqsədyönlü siyasətdən, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək, qarşıda duran vəzifələrə toxunub: "Dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük təntənələrlə qeyd etdiyimiz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 19 il bundan əvvəl yaradılmış YAP şərəfli yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun zəngin siyasi irsi, inkişaf konsepsiyası dönməz və əbədi olan müstəqilliyimizin yollarını daim işıqlandırır".

Rayon təşkilatının sədri bildirib ki, zəngin həyat yolu keçmiş, regionda ən monolit və ən mütərəqqi partiya olan Yeni Azərbaycan Partiyası özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib: "Tariximizin arxada qalan illərinin hər ayında, hər günündə bu partiyanın nəfəsi duyulur, əhəmiyyətli təsiri hiss olunur. Yeni Azərbaycan Partiyası - cəmiyyətimizdə sülh, əmin-amanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, hüquqi-demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoyub. Dövlətçiliyimizin təşəkkülü milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar, birmənalı demək olar ki, Yeni Azərbaycan Partiyasının bəhrəsidir. Bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki danılmaz qələbələrinin hamısı Yeni Azərbaycan Partiyası, Ulu Öndər Heydər Əliyevin adı və şərəfli zəhməti nəticəsində əldə edilib. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının rolu ölkəmizin ictimai həyatında olduqca əhəmiyyətlidir".

Rayon təşkilatının sədri onu da vurğulayıb ki, hazırda YAP Qax rayon təşkilatının 70 ərazi ilk partiya təşkilatında 3466 nəfər partiya üzvü uçotdadır. Onlardan 1802 nəfəri qadın, 1449 nəfəri gənclərdir. O, bildirib ki, partiyaya qəbul könüllülük prinsipləri əsasında aparılmaqla bütün prosedur qaydalar gözlənilib. Bütün uçot və hesabatlar vaxtında Mərkəzi Aparata təqdim edilib.

Konfransda nəzarət-təftiş qrupunun hesabatı dinlənildi. Sonra hesabat ətrafında çıxışlar olub. Məruzə ətrafında çıxış edən YAP Qax rayon təşkilatının sədr müavini Məmməd Xasıyev, YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Şəkər Abdullayeva, rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyev, Ekoloji mərkəz ƏİPT sədri Əbdürrəhman Aşurov, Cəlayir kənd ƏİPT sədri Xalid Heydərov, İngiloy Kötüklü kənd ƏİPT sədri Masiko Babacanaşvili və başqaları YAP-ın ölkəmizdəki ictimai-siyasi rolunu yüksək dəyərləndiriblər. Çıxışlarda Azərbaycan dövlətinin məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb, təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransın işində çıxış edən millət vəkilləri Eldar İbrahimov, Azər Kərimli YAP-ın yaranma tarixindən və ötən dövrdə partiyanın əldə etdiyi böyük nailiyyətlərdən bəhs edərək, bildiriblər ki, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev konfransda çıxış edərək, partiyanın rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. M.Şəkiliyev rayonda gedən abadlıq, quruculuq işlərindən, bu istiqamətdə partiya üzvlərinin fəallığından, regionların sosial-iqtisadi inkişafı çərçivəsində yeni iş yerlərinin yaradılmasından geniş danışaraq, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük uğurların qazanıldığını vurğulayıb.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Nizami Əhmədov yekdilliklə yenidən YAP Qax rayon təşkilatının sədri seçilib. Həmçinin, təşkilatın 37 nəfər şura, 13 nəfər idarə heyəti və 5 nəfər nəzarət-təftiş qrupunun üzvləri də müəyyənləşib. Konfransda, eyni zamanda, qətnamə səsləndirilib.

Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak edib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər