Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə respublikamızda müxtəlif tədbirlər təşkil edilir. Bu sırada bir sıra idman tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb.
SİA-nın verdiyi məlumata görə, "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetlərinin birgə təşkilatçılığı ilə keçirilən və Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən voleybol turniri media nümayəndələrini yenidən bir araya toplayacaq. Voleybol turnirinin dünən keçirilən püşkatması KİV orqanlarını ciddi rəqabətin gözlədiyini deməyə əsas verir. Püşkatma mərasimində çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə voleybol turnirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayaraq bildirib ki, budəfəki turnirdə 10 KİV komandası qalib adı uğrunda mübarizə aparacaq. V.Rəhimzadənin sözlərinə görə, turnirin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini təbliğ etmək, media orqanları arasında əməkdaşlıq mühitini daha da dərinləşdirmək və idmanı təbliğ etməkdir. "İki sahil" qəzetinin baş redaktoru püşkatmadan sonra qrupların formalaşacağını bildirərək, qeyd edib ki, turnir Azərbaycan Voleybol Federasiyasının hakimləri tərəfindən idarə ediləcək.
Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu diqqətin nəticəsidir ki, Azərbaycan idmançıları dünyanın ən nüfuzlu turnirlərinin favoriti sırasında olmaqla yanaşı, ölkəmizə dünyada idman ölkəsi kimi nüfuz qazandırıb. Respublikamızın hər bir bölgəsində inşa olunan müasir idman qurğuları, Olimpiya İdman Kompleksləri idmanın inkişafını təmin etməklə yanaşı, gənclərin enerjisinin rasional istiqamətə yönəldilməsini təmin edir. Baş redaktor qeyd edib ki, bu siyasətin əsasını isə Ulu öndər Heydər Əliyev qoyub. Hikmət Babaoğlu bildirib ki, idmanın təbliğatına xidmət edən media orqanları arasında voleybol turniri həm Ulu öndərimizin irsinin təbliğ edilməsi, həm mətbuat işçiləri arasında həmrəyliyin genişləndirilməsi, həm də onların asudə vaxtlarının daha səmərəli təşkil edilməsi baxımından əhəmiyyət daşıyır. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, Ulu öndər həmişə azad sözə, mətbuata, demokratiyaya böyük önəm verib və həyata keçirdiyi siyasətdə daim bu məsələni diqqətdə saxlayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran baş redaktor vurğulayıb ki, voleybol turniri jurnalistlərin Ulu öndərin xatirəsinə ehtiramının göstəricisidir. Onun sözlərinə görə, jurnalistlərin voleybol turnirində qalib gəlmək və ya məğlub olmaq şərt deyil, əsas olan Ulu öndərin xatirəsinə keçirilən turnirdə iştirakdır.
Daha sonra turnirin püşkatması keçirilib.
Püşkün nəticələri belədir:
A qrupu
1. AzərTAc
2. "İki sahil"
3. SİA+SƏS TV
4. "Xalq qəzeti"
5. "Bakı xəbər"
B qrupu
1. "Xalq Cəbhəsi"
2. "Palitra"+ "Paritet"
3. "Kaspi"
4. "Yeni Azərbaycan"
5. "Səs" qəzeti
Turnirə aprelin 23-də start veriləcək. Oyunlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman zalında, mayın 4-də baş tutacaq final oyunu isə Azərbaycan Voleybol Federasiyasının zalında keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq. A qrupunun birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə isə A qrupunun ikincisi ilə qarşılaşacaq.