PDF Oxu

Xəbərlər

  • 16

“Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq elmi konfransı

“Azərbaycanşünaslığın aktual problemləri” beynəlxalq elmi konfransı

Dünən Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun birgə təşkilatçılığı ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda III Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi konfransda 11 ölkədən - Türkiyə, Rusiya, Ukraniya, Almaniya, Çexiya, Litva, Misir, Yunanıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Polşa və İrandan 46 qonaq, eləcə də, AMEA-nın müxtəlif institutlarının, respublikamızın ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kamal Abdullayev Ulu Öndər Heydər Əliyevin ad gününə həsr olunmuş konfransı Azərbycanın elmi mühiti üçün çox önəmli bir hadisə adlandırdı. Rektor konfransa gələnlərin Heydər Əliyevin işığına toplaşdığını vurğuladı.

Təhsil naziri Misir Mərdanovun təbriklərini konfrans iştirakçılarına çatdıran nazir müavini Qulu Novruzov "elm bayramı" adlandırdığı konfransı Azərbaycan təhsilinin böyük uğuru, beynəlxalq əməkdaşlıq nümunəsi kimi dəyərləndirdi: "Xarici qonaqlar Azərbaycanın təhsil sistemi, elm adamları, tarixi və mədəniyyəti ilə yaxından tanış olacaq ki, bu da ölkə həqiqətlərinin dünyaya yayılmasında çox önəmlidir".

Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Ümummilli Liderimizin müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələrindən danışdı. O, vurğuladı ki, Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq ideologiyası Azərbaycanın tərkibindəki bütün xalqların, eləcə də, xaricdə yaşayan azərbaycanlıların daha möhkəm birləşməsinə şərait yaratdı. "Heydər Əliyev Azərbaycan tarixinin əvəzolunmaz və fenomen şəxsiyyətidir. Bu gün təşkil olunmuş elmi konfrans da bunun bariz nümunəsidir".

Daha sonra konfransda Yunanıstanın Azərbaycandakı səfiri İ.Metaksas, Ukrayna Respublikasının Azərbaycandakı səfiri A.P.Mişenko, Moskva Dövlət Linqivistik Universitetinin professoru A.P.Bondarev, Türkiyənin Balıkesir Universitetinin professoru A.Duymaz, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor G.Baxşəliyeva, Dağıstan Dövlət Univesitetinin porfessoru N.Qarunova, Çex Respublikası Çarles Universitetinin porfessoru T.Lane, Tbilisi Dövlət Universitetinin professoru D.Qotsiridze, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Qazaxıstan Milli-Texniki Universitetinin professoru K.Beqalinova, Litva Edukologiya Universitenin professoru V.Kavalyaskas, Uzaq Şərq Dövlət Humanitar Universitetinin professoru V.Mehdiyev çıxış etdilər.

Tbilisi Dövlət Universitetinin professoru D.Z.Qotsiridze gələn il Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda növbəti Beynəlxalq Elmi Konfransın Gürcüstanda keçirilməsini təklif etdi.

Natiqlərin hər biri Ümummilli Lider Heydər Əliyevi müasir Azərbaycanın qurucusu kimi qiymətləndirdilər və Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş III Beynəlxalq Elmi Konfransın Azərbaycan həqiqətlərinin yayılmasında önəmini vurğuladılar.

Konfrans çərçivəsində Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmaları, Rusiya, Polşa, Ukrayna, Yunan Mədəniyyət Mərkəzlərində bölmə iclasları oldu. Yazıçı B.T.Yevseyevin BSU-nun filologiya fakültəsinin tələbələri üçün "Müasir rus novellasının janrları" mövzusunda ustad dərsi keçirildi.

BSU-nun "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasında həyata keçirilən "Filoloqun kitabxanası-100" layihəsi çərçivəsində Rusiyanın tanınmış tənqidçisi, yazıçısı, publisisti və ədəbiyyatşünası L.A.Aninskinin Azərbaycan dilinə tərcümə olunmuş "Ceviz ləpəsi" kitabının təqdimatı tələbələrin böyük marağına səbəb oldu. Professor M.Qocayev və yazıçı E.Başkeçidin tərcümə etdikləri kitabı iştirakçılara yazıçı B.T.Yevseyev təqdim etdi.

Qeyd edək ki, mayın 5-də kimi davam edəcək konfrans çərçivəsində bir sıra elmi məruzələr dinləniləcək, qonaqlar Bakının, eləcə də, Şamaxının görməli yerlərində olacaqlar.

ZÜMRÜD

Digər xəbərlər