"Azərbaycan gəncliyində bu gün yüksək vətənpərvərlik ruhu var. Bu ruhda olan gənclərimiz ordumuzda xidmət etməkdən böyük qürur hissi keçirirlər". Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, ölkə Prezidentinin diqqəti sayəsində Silahlı Qüvvələrimiz xeyli güclənib, müasir standartlara cavab verən ordu formalaşdırılıb. Təsadüfi deyil ki, dövlət büdcəsində müdafiə xərcləri 3 milyard dollardan artıqdır. Onun sözlərinə görə, ordu quruculuğu sahəsində həmçinin, kifayət qədər güclü hüquqi baza mövcuddur. Eləcə də, parlament tərəfindən hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mütərəqqi qanunlar qəbul edilib.
S.Orucov deyib ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə hər an qadirdir. Onun fikrincə, sülh danışıqları nəticə verməsə, ordumuzun işğalçı Ermənistanın qoşunlarını qısa müddət ərzində ölkəmizin ərazisindən təmizləyəcəyi şübhəsizdir.
yap.org.az