"AMEA-nın Memarlıq və İncəsənət İnstitutu Qarabağın memarlıq, musiqi irsi, folkloru, ümumilikdə bütün növ incəsənət növləri ilə bağlı tədqiqat işləri aparıb və bu işlər davam etdirilir". Bu fikri institutun direktoru, professor Ərtegin Salamzadə deyib.
Ə.Salamzadə xatırladıb ki, Ermənistanın işğalı altında olan ərazilərdəki memarlıq abidələri, maddi-mədəniyyət nümunələrinin çoxu dağıdılıb, ancaq elə abidələr var ki, qalmaqdadır. O, abidələrin qorunması uğrunda mübarizənin təkcə memar və sənətşünasların deyil, bütövlükdə cəmiyyətimizin vəzifəsi olduğunu qeyd edib.
"Nazirlər Kabinetinin qərarı ilə hələ 2001-ci ildə abidələrin siyahısı təsdiq edilib. Orada 6 mindən artıq abidə haqqında məlumat var. Onların 3 mindən artığı memarlıq abidələridir. Bu günlərdə institutumuza Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvvəlki siyahıya əlavələrlə bağlı məktub daxil olub. Bu siyahı ilə bağlı araşdırma aparılacaq və nazirliyə məlumat veriləcək. Yeni siyahıda Dağlıq Qarabağdakı abidələrlə bağlı məlumatlar da var" - deyə institutun direktoru qeyd edib.
yap.org.az