PDF Oxu

Xəbərlər

  • 45

Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılacaqdır

Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılacaqdır

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılacaqdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 26-da imzaladığı "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərmanda deyilir.

Fərmanda qeyd edilir ki, bu agentlik ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə yaradılır.

Sənəddə, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinə Agentliyin əsasnaməsinin və strukturunun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə məlumat və resurs mərkəzinin təhlükəsizliyinin təmini istiqamətində müvafiq tədbirlər görmək, dövlət orqanlarının internet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına müvafiq texniki və metodiki kömək göstərmək, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyi barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat vermək və kriptoloji fəaliyyətin təkmilləşdirilməsini, elmi-texniki innovasiyaların tətbiqini təmin etmək, tədris və kadrların hazırlanması işini gücləndirmək tapşırılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə isə ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, əhalinin, özəl və digər qurumların elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırılmasını həyata keçirmək, onlara texniki və metodiki kömək göstərmək, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlər görmək və Azərbaycan Prezidentinə vaxtaşırı məlumat vermək tapşırılmışdır.

Bundan başqa, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin əlaqələndirilməsi, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və onlara metodiki kömək göstərilməsi məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzi yaradılacaqdır.

Fərmana əsasən, Nazirlər Kabinetinə Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, bu sənəddə göstərilən tədbirlərin həyata keçirilməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinə zəruri maliyyə vəsaiti ayrılmasını təmin etmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılmışdır.

yap.org.az

Digər xəbərlər