Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasındakı iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Qordon ilə görüşmüşdür.
Xarici işlər nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunmuş və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılmışdır.
Amerikalı diplomat NATO-nun Əfqanıstandakı fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə etmiş, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə tərəflər həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər barədə geniş fikir mübadiləsi aparımışlar.
yap.org.az