"Dinamik inkişaf edən Azərbaycan 2012-ci ilin üçüncü rübünü də uğurla başa vurub. Azərbaycan Prezidentinin Sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin üçüncü rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında göstərilən faktlar bunu bir daha təsdiq edir". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, ölkə başçısının rəhbərliyi ilə son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar bütün strateji əhəmiyyətli sahələrdə əsaslı dəyişikliklərə səbəb olub. Onun fikrincə, bu amil hər bir ölkə vətəndaşının taleyində mühüm rol oynayıb, respublikamızı davamlı inkişaf yoluna çıxarıb.
"Bütün bunların nəticəsi olaraq son illərdə müstəqil Azərbaycan həm də özünəməxsus inkişaf modeli ilə beynəlxalq qurumların, aparıcı maliyyə institutlarının diqqət mərkəzindədir. Sosial-iqtisadi inkişafın təmin edilməsi, adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı hər bir ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet xəttini təşkil edir. Bu siyasətin həyata keçirilməsində dəqiq hədəfləri olan proqram və layihələr xüsusi əhəmiyyət kəsb edir"- deyə, komitə sədri qeyd edib.
yap.org.az