"İranda azərbaycanlıların soyqırımını təsdiq edən kütləvi məzarlığın dağıdılması haqsızlıqdır". SİA-nın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi Əli Əhmədov İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində qazıntılar zamanı tapılan kütləvi məzarlığın məhv ediləcəyinə dair İran tərəfinin açıqlamasına münasibəti zamanı bildirib. Əli Əhmədov bildirib ki, böyük ədalətsizliyin nəticəsi kimi meydana gəlmiş kütləvi məzarlığın məhv edilməsi ədalətsizliyə bərabər addım sayıla bilər: "Bu insanlıq fəlsəfəsinə, İslam dininin tələblərinə, qonşu dövlətlər kimi Azərbaycanla İran arasında olan əlaqələrin məntiqi və xarakterinə cavab vermir. Ümidvaram ki, bu nöqsan tezliklə aradan qaldırılacaq". Məlumat üçün bildirək ki, bu yaxınlarda İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində məktəb binasının bünövrəsi üçün qazıntılar aparılan zaman kütləvi məzarlıq aşkar edilib. Lakin İran rəsmiləri bildiriblər ki, tarixi əhəmiyyəti olmadığından məzarlıq qorunmayacaq və yerində məktəb tikiləcək.