Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi beynəlxalq hüquq normalarına ziddir.
Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək jurnalistlərə müsahibəsində demişdir.
Bu torpaqların Azərbaycanın tarixi ərazisi olduğunu söyləyən Türkiyə Böyük Millət Məclisinin sədri bildirmişdir ki, bölgədə sülh və sabitliyin təmin olunması üçün Ermənistan Azərbaycanın tarixi torpaqlarından geri çəkilməlidir.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğulayan C.Çiçək demişdir ki, biz qardaş Türkiyə olaraq məsələnin həllinin yalnız bu istiqamətdə mümkün olduğunu düşünürük: "Ermənistan bu həqiqətdən yayınmaq üçün bir çox tədbirlər həyata keçirir. Xocalı hava limanının bərpası bunun bariz sübutudur".
Ölkəmizin bu məsələdə sonunadək haqlı olduğunu söyləyən C.Çiçək vurğulamışdır ki, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyir və onun yanındadır.
Hər il dekabrın 10-nun dünyada İnsan Hüquqları Günü kimi qeyd olduğunu deyən Türkiyə Böyük Millət Məclisinin sədri bildirmişdir ki, bununla bağlı bir çox toplantılar keçirilirsə də Ermənistanın-Azərbaycan ərazilərini, işğal etməsi nəticəsində bir milyondan çox insanın doğma el-obalarından didərgin düşməsini, onların hüquqlarının pozulmasını təəssüf ki, beynəlxalq ictimaiyyət bu gün də görməməzliyə vurur. Bu, böyük ədalətsizlikdir.
Bölgədə sülhə ehtiyac duyulduğunu vurğulayan C.Çiçək demişdir ki, Qara dəniz regionuna daxil olan ölkələr təbii resurslarla zəngindir. Bu bölgədə inkişafa ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlı-Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Bu ədalətsiz münaqişə tezliklə həllini tapmalıdır.
yap.org.az