"Beynəlxalq müstəvidə Dağlıq Qarabağ problemi münaqişə deyil, Ermənistanın Azərbaycana silahlı təcavüzü kimi xarakterizə olunmalıdır. Ermənistan Azərbaycana qarşı müharibə aparıb və ölkəmizin əraziləri işğal edilib". Bu fikirləri Milli Məclisin AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov deyib.
Ermənistanın təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəf olduğunu xatırladan E.Süleymanov bildirib ki, təcavüzkara qarşı mübarizə bəşəriyyətə və insanlığa xidmət etməkdir. Onun sözlərinə görə, bu müharibə nəticəsində Azərbaycan xalqına böyük mənəvi və maddi ziyan vurulub. Bir milyona yaxın azərbaycanlının bütün insan və vətəndaş hüquqları pozulub.
"Avropa Şurasında bəzi qüvvələrin anti-Azərbaycan mövqedən çıxış etməsinin, müxtəlif vasitələrlə ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq və Azərbaycana təzyiq göstərmək cəhdlərinin yalnız bir səbəbi vardır. Məqsəd 1 milyona yaxın azərbaycanlının hüquqlarının işğalçı Ermənistan tərəfindən kütləvi və kobud şəkildə pozulması, bu insanların 20 ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşaması, onların öz vətənlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsinin yaddan çıxarılmasına və beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasına nail olmaqdan ibarətdir"- deyə, nümayəndə heyətinin rəhbəri vurğulayıb.
yap.org.az