Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin Ticarət və Sərmayələrin Təşviqi Agentliyinin prezidenti Maurisio Borjes ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, agentlik Braziliya malları və xidmətlərinin xaricdə təşviq olunmasına və xarici sərmayələrin bu ölkənin strateji sektorlarına cəlb edilməsinə cavabdehdir.
Görüşdə Azərbaycan və Braziliya arasında ticarət əlaqələrinin təşviqi, işgüzar dairələr arasında münasibətlərin yaradılması imkanları müzakirə edilmiş və qarşılıqlı səfərlərin, təqdimatların keçirilməsinin zəruriliyi vurğulanmışdır.
Səfir Elnur Sultanov Azərbaycanın artan iqtisadiyyatı, onun şaxələndirilməsi istiqamətində atılan mühüm addımlar, xarici investorlar üçün yaradılmış biznes-mühit, ölkəmizin aparıcı rolu ilə həyata keçirilən regional layihələr barədə ətraflı məlumat vermiş və müvafiq materialları təqdim etmişdir.
AzərTAc