PDF Oxu

Xəbərlər

  • 33

ABŞ-ın nüfuzlu Milli Müdafiə Universitetində Azərbaycanın Xəzər hövzəsi siyasəti müzakirə edilib

ABŞ-ın nüfuzlu Milli Müdafiə Universitetində Azərbaycanın Xəzər hövzəsi siyasəti müzakirə edilib

ABŞ-ın Milli Müdafiə Universitetinin (National Defense University) Beynəlxalq Təhlükəsizlik Məsələləri Kollecində (College of International Security Affairs) Azərbaycanla bağlı müzakirələr olub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir Elin Süleymanov "Azərbaycanın Xəzər hövzəsi üzrə siyasəti: perspektivlər və çağırışlar" mövzusunda çıxış edib.

Diplomat çıxışında Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını deyib. Bu xüsusda o, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd edib.

Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir ilk olaraq zəngin enerji resurslarına çıxış imkanını qeyd edib. E.Süleymanov hazırda regional sabitliyin əsasında Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildirib. Bu xüsusda Bakı-Tiflis-Ceyhan neft kəməri barəsində məlumat verən E.Süleymanov layihəni ABŞ-ın dəstəyi ilə regionla bağlı "ən uğurlu layihəsi" adlandırıb.

E.Süleymanov hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barədə məlumat verib. Hazırda enerji sahəsində əsas prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan danışıb. ABŞ-ın "Cənub Dəhlizi" layihəsinə dəstəyinin ifadə etməsinin müsbət hal olduğunu deyən E.Süleymanov bu tendensiyanın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu qeyd edib.

Qeyd edək ki, 1976-cı ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət Universitetin dünyanın 80 ölkəsindən məzunları var.

yap.org.az

Digər xəbərlər