Fevralın 12-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə komitənin 2012-ci ilin payız sessiyası dövründə gördüyü işlərin hesabatı dinlənilmişdir.
Parlament sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov demişdir ki, hesabat dövründə komitənin 4 iclası keçirilmiş, 7 məsələyə baxılmış, onlardan beşi Milli Məclisin plenar iclasına tövsiyə olunaraq təsdiqlənmişdir.
Bildirilmişdir ki, komitə Milli Məclisin digər komitələri ilə birgə iclaslar keçirmiş, bəzi qanunvericilik aktlarına münasibət bildirmişdir. Hesabat dövründə komitəyə idarə və təşkilatlardan daxil olmuş 110 ərizə və məktub, eləcə də müxtəlif xarakterli sənədlərə baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur. Komitənin üzvləri xarici ölkələrdə ezamiyyətlərdə olmuş, energetika, ətraf mühit və digər sahələr üzrə keçirilən tədbirlərdə iştirak etmiş və qaldırılan məsələlərə münasibətlərini bildirmişlər.
Sonra "Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumunun" təsdiq edilməsi barədə" qanun layihəsi müzakirə olunmuşdur
Qeyd edilmişdir ki, 2011-ci ilin dekabrın 24-də Ankarada imzalanmış sənəd Azərbaycan qazının Türkiyə ərazisindən keçirməklə dünya bazarına çıxarılmasında, eyni zamanda, ölkəmizin enerji resurslarının şaxələndirilməsi məsələsində mühüm əhəmiyyət kəsb edir.
Müzakirələr zamanı komitə üzvləri sənədin Azərbaycanın milli maraqlarına xidmət etdiyini vurğulamışlar.
Sonda sənəd təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
AzərTAc