Martın 6-8-də Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcəkdir.
Yunanıstanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, biznes-forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Yunanıstan-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcəkdir. Yunanıstan nümayəndə heyətinə bu ölkənin xarici işlər naziri Dimitris Kurkulas başçılıq edəcəkdir.
Biznes-forumun məqsədi Azərbaycanın və Yunanıstanın ölkələrimizdə işləmək arzusunda olan ticarət və kommersiya qurumlarına dəstək göstərməkdir.
Tədbirdə iqtisadiyyatın bütün sahələrində (turizm, inşaat, xidmətlər, gəmiçilik, energetika, informasiya-telekommunikasiya vasitələri, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və təhsil ) əməkdaşlığın perspektivləri müzakirə ediləcəkdir. Yunanıstan şirkətləri ikigünlük biznes-forum çərçivəsində öz potensiallarını nümayiş etdirməklə yanaşı, Azərbaycanın iqtisadi potensialı ilə tanış olmaq imkanı əldə edəcəklər.
Bundan əlavə, Yunanıstan mədəniyyətinin və milli mətbəxinin təqdim olunacağı mədəni proqram nəzərdə tutulmuşdur.
yap.org.az