Fevralın 25-də Bakıda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XVI iclası olmuşdur.
AzərTAc xəbər verir ki, iclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna informasiya agentliklərinin rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov iclasda çıxış edərək vurğulamışdır ki, informasiya cəmiyyətinin formalaşması dövründə MDB İnformasiya Şurasının rolu və əhəmiyyəti qat-qat artır. Bu təşkilat Avropa və Asiya qitələrinin bir hissəsini əhatə edən vahid informasiya məkanı yaradılması, milli informasiya agentliklərinin fəaliyyətinin əlaqələndirilməsi, təcrübə mübadiləsinin tənzimlənməsi üzrə mühüm vəzifələri yerinə yetirir, bütün bunlar bizi yeni biliklərlə zənginləşdirir, dünya informasiya bazarında rəqabət qabiliyyətimizi artırmağa kömək edir.
Aslan Aslanov demişdir: "Bu gün biz MDB İnformasiya Şurasının fəaliyyətini və onun qarşısında duran vəzifələri müzakirə edəcək, informasiya-kommunikasiya texnologiyalarının coşqun inkişafı dövründə, ənənəvi jurnalistika öz əhatə dairəsini getdikcə genişləndirən sosial şəbəkələrlə rəqabət şəraitində özünün həyat qabiliyyətini sübut etməli olduğu şəraitdə işimizin səmərəsinin artırılması yolları barədə fikir mübadiləsi aparacağıq".
İTAR-TASS kollegiyasının sədri Vitali İqnatenko qeyd etmişdir ki, informasiya sahəsində qarşılıqlı fəaliyyət xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsi, Birlik iştirakçısı olan dövlətlərin inteqrasiya əməkdaşlığının dərinləşməsi üçün mühüm amildir. O bildirmişdir ki, iclasın gündəliyinə MDB informasiya agentliklərinin əməkdaşlığı ilə bağlı aktual məsələlər daxil edilmişdir. V.İqnatenko demişdir: "İclasda bizi, xalqlarımızı birləşdirən bir sıra əlamətdar tarixi günlər barədə danışacağıq. Bunu qeyd etməyə bilmərəm ki, bu il Heydər Əliyevin anadan olmasının 90 illiyi Azərbaycanda geniş qeyd ediləcəkdir".
MDB İnformasiya Şurasının iclasında Şuranın yeni sədri seçilmiş Sergey Mixaylov əmin olduğunu bildirmişdir ki, qarşılıqlı fəaliyyət sahəsində topladığımız təcrübədən gələcək işimizdə, müştərək layihələrin həyata keçirilməsində, ümumi media məkanında gündəlik fəaliyyətimizdə maksimum istifadə ediləcəkdir.
S.Mixaylov Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar geniş tədbirlər keçirilməsinin və bu tədbirlərin MDB iştirakçısı olan dövlətlərdə işıqlandırılmasının vacibliyini qeyd etmişdir. O, MDB məkanındakı ali məktəblərin jurnalistika fakültələrinin tələbələri üçün Qələbə mövzusunda işlərin müsabiqəsini təşkil etmək təklifini irəli sürmüşdür. O demişdir: "Biz "Qələbə təqvimi"ni birlikdə hazırlayaraq orada müharibənin hər bir günü üçün mühüm hadisələri əks etdirə bilərik".
O, daha sonra qeyd etmişdir ki, bu il görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Sergey Mixaylov vurğulamışdır: "O, təkcə doğma Azərbaycanın deyil, həm də keçmiş SSRİ-nin digər respublikalarının inkişafına çox dəyərli töhfə vermişdir. Güman edirəm ki, bu əlamətdar tarixi hadisə də bizim agentliklərin geniş qarşılıqlı fəaliyyətinə imkan verəcəkdir".
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna dövlət informasiya agentliklərinin rəhbərləri xəbər agentliklərinin fəaliyyəti və onların qarşısında duran vəzifələr haqqında məruzələrlə çıxış etmişlər.
MDB İnformasiya Şurasının əsas vəzifələri bunlardır: dövlət informasiya agentliklərinə informasiyanın maneəsiz yayılması üçün ən əlverişli şərait yaradılmasına dair tövsiyələr işləyib hazırlamaq; informasiya fəaliyyəti məsələlərinə dair məsləhətlər verilməsi; peşəkar fəaliyyət üzrə təcrübə mübadiləsinin təşkili; informasiya sahəsində əməkdaşlıq məsələlərinə dair qəbul edilmiş qərarların yerinə yetirilməsi haqda tövsiyələr hazırlamaq; Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə informasiya-telekommunikasiya və rabitənin inkişafına kömək və s.
MDB İnformasiya Şurasının üzvləri MDB ölkələrinin dövlət informasiya agentliklərinin rəhbərləridir.
AzərTAc