Azərbaycan-Rumıniya münasibətləri sadə əməkdaşlıqdan strateji tərəfdaşlıq səviyyəsinədək artıb. Bunu Milli Məclisin sədri Oqtay Əsədov Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zgonea ilə görüşdə bildirib.
Oqtay Əsədov qeyd edib ki, iki ölkə arasında münasibətlər dinamik inkişaf edir: "Əməkdaşlığı inkişaf etdirmək üçün hüquqi baza mövcuddur, iki ölkə arasında 55 ikitərəfli sənəd imzalanıb və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün daha 5 sənədin imzalanması gözlənilir".
O qeyd edib ki, Azərbaycan Rumıniyaya xam neft ixrac edir, gələcəkdə isə təbii qazın ixracında maraqlıdır və bu səbəbdən AGRİ layihəsinin reallaşmasına böyük önəm verir.
Oqtay Əsədov həmçinin əlavə edib ki, ikitərəfli əlaqələrin inkişafında parlamenrtlərin də müstəsna rolu var, hər iki ölkənin parlament dostluq qrupları fəaliyyət göstərir.
Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zgonea bildirib ki, Rumıniya Azərbaycana istənilən məsələdə dəstək verməyə hazırdır. O belə bir mesajla Azərbaycana gəldiyini qeyd edib. İkitərəfli əlaqələrin inkişafına toxunan rumın spiker bildirib ki, nümayəndə heyətinin tərkibində olan Rumıniyanın xarici investisiyalar və infrastruktur layihələr naziri Dan Şovan Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək 15 layihə ilə Bakıda səfərdədir. Zgonea bildirib ki, Rumıniya Azərbaycanla hərtərəfli sahədə əlaqələrin inkişafında maraqlıdır.
yap.org.az