"Azərbaycan üçün dünya iqtisadi formunun Bakıda keçirilməsi çox böyük tarixi uğur, nailiyyətdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakıda keçiriləcək dünya iqtisadi formunun əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, dünya iqtisadi formu Azərbaycanın dünyaya tanıdılması, iqtisadi potensialının dünya iş adamları, siyasi liderlər tərəfindən öyrənilməsi baxımından son dərəcə böyük bir tədbirdir: "Belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına öz töhfəsini vermiş olacaq. Azərbaycanın buna böyük ehtiyacı var. Ona görə ki, erməni diasporası və Ermənistan tərəfindən ölkəmizin imicinin korlanması istiqamətində böyük bir kampaniya aparılır. Bununla yanaşı Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var. Hesab edirəm ki, belə beynəlxalq nüfuzlu tədbirlərdə Azərbaycan diplomatları ölkəmizin problemlərini önə çəkəcəklər. Azərbaycan bu forumdan istifadə edərək Dağlıq Qarabağ problemini bir daha dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirəcək. Forum həm Azərbaycanın yeni iqtisadi əlaqələrinin qurulması, həm də yeni investisiyalarının yatırılması baxımından da önəmlidir. Azərbaycan üçün dünya iqtisadi formunun keçirilməsi çox böyük tarixi uğurdur".
sia.az