"Azərbaycan" qəzetinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərə başlanılmışdır.
AzərTAc xəbər verir ki, bu tədbirlər çərçivəsində aprelin 3-də Mingəçevir Şəhər İcra Hakimiyyətində keçirilən "dəyirmi masa"nın iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
İdarə və təşkilat rəhbərlərinin, şəhər ziyalılarının, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək bildirmişdir ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. Onun şərəfli həyat və fəaliyyəti bu gün qədirbilən Azərbaycan xalqının qəlbində yaşayır. Bildirilmişdir ki, böyük şəxsiyyət, dünya azərbaycanlılarının fəxri, milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan dövləti onun ölməz ideyalarının işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır.
Bəxtiyar Sadıqov qeyd etmişdir ki, 2013-cü il yubileylər ilidir. Bu il xalqımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyini böyük təntənə ilə qeyd edir. Eyni zamanda, 2013-cü il Azərbaycanda qurtuluş missiyasının 20 illiyi tamam olur. "Azərbaycan" qəzeti bu şanlı yubileylər münasibətilə müxtəlif layihələr reallaşdıracaqdır.
Onlardan ilk olaraq ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə qərar verildiyini və bununla bağlı birinci "dəyirmi masa"nın Mingəçevirdə reallaşdırıldığını qeyd edən Bəxtiyar Sadıqov bildirmişdir ki, ölkəmizin inkişafında Mingəçevir şəhərinin xüsusi yeri vardır. El arasında bu şəhərə nur şəhəri deyilir. Enerji, işıq bəxş edən bu şəhərdə ulu öndərin çoxlu yadigarları, onu xatırlayan insanlar vardır. Ona görə də biz regionlarda ilk görüşümüzü böyük sevinclə məhz bu şəhərdən başladıq. Bu gün şəhərdə gedən inkişaf prosesi, yeniliklər, əhalinin güzəranının yaxşılaşdırılması, yeni-yeni layihələrin gerçəkləşdirilməsi hər bir azərbaycanlı kimi biz jurnalistlərə də qürur verir.
AzərTAc