"Bu gün regionda sabitlik, sülh yoxdur və rəsmi Yerevan tərəfindən sülh prosesinin uzadılması perspektivdə regionun sabitliyinə, əmin-amanlığına və inkişafına zərbədir". Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
E.Abdullayev bildirib ki, hazırki vəziyyətə görə günahkar yalnız Ermənistan rəhbərliyidir. Onun sözlərinə görə, beynəlxalq aləmdə təcavüzkar kimi tanınan ölkənin digər dövlətləri öz uğursuzluğunda ittiham etməsi çox primitiv və məsuliyyətsiz görünür.
"Azərbaycan bütün potensialını regionun inkişafına istiqamətləndirib və bir neçə il ərzində qlobal əhəmiyyətli regional layihələrin təşəbbüskarı kimi çıxış edərək bu planı uğurla həyata keçirib. Təəssüf ki, Ermənistan bu regional proseslərə qoşulmaq imkanını hər dəfə boşa verir və bunun günahkarı yalnız ölkə hakimiyyətidir. Bu layihələrdə iştirak etmədən, Sarkisyanın dediyi kimi, "yeni reallığ"ın digər bəndi olan iqtisadi artım da mümkün deyil. Ermənistanın "iqtisadi yüksəlişi"nin nəticəsi göz qabağındadır - ölkə inkişaf etmir, regional əməkdaşlıq olmadan isə kövrək iqtisadi vəziyyət dəyişməyəcək" - deyə, E.Abdullayev qeyd edib.
yap.org.az