Kanadanın və Yeni Zelandiyanın sabiq Baş nazirləri xanım Kim Kampbel və xanım Cenifer M.Şipley mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AzərTAc-a bildirmişlər ki, hər iki xanım ölkələrinin rəhbərliyində təmsil olunan ilk və yeganə qadındır. Kanadanın keçmiş Baş naziri Kim Kampbel BMT-nin dünya qadın məsələlərinə məsul olan Mişel Baçeleti əvəzləmək üçün əsas namizədlərdən biridir.
DİDK-nin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 40-dan çox sabiq dövlət və hökumət başçılarını bir araya toplayacaqdır.
Forumun əsas tərəfdaşları DİDK, İsgəndəriyyə Kitabxanası, Sülh Fondu və Gəncə Şəhər İcra Hakimiyyətidir.
AzərTAc