"Cari ildə yeni istehsal sahələrindən: müxtəlif çaplı döyüş sursatlarının istehsalı mərkəzi, döyüş sursatlarının utilizasiyası mərkəzi, kiçik çaplı döyüş sursatları üçün nəzarət sınaq mərkəzi, müxtəlif növ minaların və aviasiya bombalarının doldurma mərkəzi və alışdırıcı kapsulların istehsalı mərkəzlərinin açılışları aprel-may aylarında nəzərdə tutulur. Ölkənin müdafiə qüdrəti gündən-günə güclənir və nəticədə Silahlı Qüvvələrimiz regionun qüdrətli ordusuna çevrilib". Bu fikirləri müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Y.Camalov bildirib ki, 2013-cü ilin ilk rübü müdafiə sənayesi nazirliyi üçün uğurlu olub. Onun sözlərinə görə, nazirliyin müəssisələrində ümumilikdə 37,3 milyon manatlıq məhsul istehsal edilib.
"Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 84,2 faiz təşkil edib. 2013-cü ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən müdafiə təyinatlı məmulatların istehsalı üzrə 450 milyon manatdan çox sifariş verilib. Birinci rübdə artıq 95,7 milyon manat məbləğində müqavilə bağlanıb. Müqavilələrin tam həcmdə yerinə yetirilməsi üçün ciddi tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat rübündə təhvil verilmiş məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə, çeşidlərin sayı isə 3,8 dəfə artıb"- deyə, nazir qeyd edib.
yap.org.az