Aprelin 19-da Milli Məclisin növbəti iclası öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 31 məsələ daxil edilmişdir.
İclasda əvvəlcə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilmişdir.
Sonra bir neçə beynəlxalq sənədə baxılacaqdır. "MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalararası abunəçilik sisteminin yaradılması haqqında" 1999-cu il 13 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə" Protokol, "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamə, "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Saziş, "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqavilə, "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısamüddətli vizadan imtina edilməsi haqqında" Saziş və "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında" Saziş təsdiq ediləcəkdir.
İclasda, həmçinin "İnsan alverinə qarşı mübarizə haqqında" Qanuna, "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna, Cinayət, Mülki Prosessual, İnzibati Xətalar və Vergi məcəllələrinə, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə, Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"yə, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportları nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli Qərarının ləğv edilməsi barədə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Dövlət rüsumu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" və daha bir neçə qanuna əlavələr və dəyişikliklər ediləcəkdir.
AzərTAc