Rusiyanın çimərlik futbolu ulduzları Andrey Buxlitski, İlya Leonov və Anton Şkarini birinci Avropa Oyunlarının beynəlxalq idman elçiləri elan ediliblər.AZƏRTAC xəbər verir ki, çimərlik futbolu üzrə Rusiya millisi 2011-ci və 2013-cü illərdə dünya çempionu adını qazanıb."Bakı-2015"-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Rusiya millisi yüksək pilləyə çatmaq üçün idmana bağlılıq və əsl komanda gücü nümayiş etdiriblər. Bu xüsusiyyətlər onları birinci Avropa Oyunları üçün mükəmməl elçilər edən keyfiyyətlərdir. Biz Andrey, İlya və Antonun iyunda birinci Avropa Oyunlarında mübarizə aparacağı günü səbirsizliklə gözləyirik".İlya Leonov bildirib ki, biz idman elçiləri olduğumuz və birinci Avropa Oyunlarında ölkəmizi, eləcə də çimərlik futbolunu təmsil edəcəyimiz üçün qürur duyuruq. Bütün dünyada Oyunların və idmanın nüfuzunu qaldırmaq, tarix yazmaq, çimərlik futbolu üzrə "Bakı-2015"-də çempion adını qazanmaq üçün əlimizdən gələni edəcəyik.Rusiyalı çimərlik futbolçularından əlavə almaniyalı stolüstü tennisçi Dimitri Ovtçarov, yunanıstanlı qılıncoynadan Vasiliki Vouqiouka, irlandiyalı boksçu Keti Teylor, Böyük Britaniya taekvondoçusu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Pulsen və Serbiyanın 3x3 basketbol komandası, polşalı dağ velosipedçisi Maya Vloşçovska və italiyalı atıcı Nikolo Kampriani "Bakı-2015"-in beynəlxalq idman elçiləridir."Bakı-2015"-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil edəcək, Avropa Oyunlarının təbliği üçün qitədə və sosial mediada aparılan marketinq kampaniyalarına qoşulacaqlar.
AZƏRTAC