PDF Oxu

Xəbərlər

  • 5 041

Davosda dünyanın perspektiv inkişafı müzakirə ediləcək

Davosda dünyanın perspektiv inkişafı müzakirə ediləcək

Davos Forumları dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur və bu fakt, bir daha son dövrlər ərzində, sürətlə inkişaf edən Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir

Məlum olduğu kimi, yanvarın 23-26-da Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) 70 ölkənin dövlət başçısı və Baş naziri iştirak edəcək. “Parçalanan dünyada birgə gələcək yaratmaq” mövzusuna həsr edilən builki Dünya İqtisadi Forumuna ölkədən təxminən 340 yüksək səviyyəli şəxs iştirak edəcək. Forumda 110 ölkədən təxminən 3 min iştirakçı müxtəlif mövzular üzrə müzakirələr aparacaq.
Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab deyib: “Dünyamız ölkələr arasında artan rəqabət səbəbi ilə parçalanmış vəziyyətdədir. Ölkələr arasındakı ortaq maraqlarla bu vəziyyətdən çıxış yolu tapa bilərik”.
Davosdakı yığıncaqlarda ölkələr arasındakı əsas diqqətin ortaq problemlərlə mübarizədə beynəlxalq iş birliyini canlandırmaq mövzusuna yönəldiləcəyi bildirilib. Forumda, həmçinin, Suriya böhranı ilə bağlı yığıncaq təşkil ediləcək və həmin iclasa BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura sədrlik edəcək. İsrail-Fələstin böhranı da forumda müzakirə ediləcək.
Forumun açılışını Hindistanın Baş naziri Narendra Modi, yekun çıxışı isə ABŞ Prezidenti Donald Tramp edəcək. WEF çərçivəsində dövlət başçılarının ikitərəfli danışıqlar aparması da gözlənilir. Dörd gün davam edəcək forumda təhlükəsizliyi təmin etmək üçün təxminən 10 milyon dollar sərf ediləcəyi nəzərdə tutulur.
Yığıncağa dövlət başçıları ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard, Dünya Bankının rəhbəri Jim Yong Kim, Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol, BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq və Beynəlxalq Əmək Təşkilatı (BƏT) baş direktoru Qay Rayder də qatılacaq.
Xatırladaq ki, Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə, Avropa İdarəetmə Forumu olaraq, tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddətdən sonra isə, müxtəlif ölkələri təmsil edən çoxsaylı iqtisadçı, biznesmen və siyasətçilərin diqqətini cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi. Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.
Sevindiric haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələrilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Əlbəttə ki, hər dəfə səmərəli görüşlərin keçirilməsi Azərbaycana olan maraqdan irəli gəlir. Məhz forum çərçivəsində gedən müzakirələrin nəticələri isə, Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır.
Qeyd edək ki, Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması dünyanın iri investorlarının diqqətini cəlb etməkdədir. Azərbaycanın bu cür üstünlükləri həm də beynəlxalq təşkilatların rəylərində də özünü göstərir. Həmçinin, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir. Prezident İlham Əliyev “Mən bütün sahibkarları, əmin etmək istəyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardımı göstərəcək. Onların sərmayələri ölkənin bütün guşələrində etibarlı müdafiə olunacaq” deyərək, biznes sektorunun tam təhlükəsiz şəkildə fəaliyyət göstərdiyinə işarə edirdi. Eyni zamanda, ölkəmizdə sahibkarlıq sektoruna və biznes mühitinə bütün şərait yaradılıb. Elə, son illər ərzində, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə milyonlarla manat kreditin verilməsi, göstərir ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritetidir.
Bir sözlə, Davos Forumları dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur və bu fakt, bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir.

“Səs” Analitik Qrupu

Digər xəbərlər