Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Fəxri ad alan kino xadimləri arasında xalq artisti Rasim Balayev də var.
Ölkə başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif edilən aktyor bu haqda SİA-ya açıqlama verib: “Cənab Prezident İlham Əliyevə məni “Şərəf” ordeni ilə təltif etdiyi üçün ona təşəkkür edirəm. Fəxri adlara layiq görülən həmkarlarımı da təbrik edirəm. Ölkə başçısı bir neçə kino xadimlərini fəxri adlarla təltif edərək, Azərbaycan mədəniyyətinə hər zaman diqqət göstərdiyini bir daha sübut etdi. Prezidentin bu addımından sonra biz kino xadimləri yaxşı kinolarda çəkilib, tamaşaçılara təqdim etməliyik. Azərbaycan kinosunu bütün dünyada təbliğ etmək biz mədəniyyət xadimlərinin borcudur”.
Aydın Mirzəzadə: “Sosial siyasət Prezidentin fəaliyyətinin əsas istiqamətini təşkil edir”
“Ümumiyyətlə, sosial siyasət cənab Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Cənab Prezident bütün çıxışlarında, göstərişlərində əhalinin sosial vəziyyətinin yaxşılaşmasını, iş yerlərinin yaradılmasını, səhiyyə, təhsil, mədəniyyət məsələlərini ön plana çəkir. Eləcə də xüsusi qayğıya ehtiyacı olan təbəqələrin dövlət tərəfindən təminatı həmişə ön plandadır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, cənab Prezidentin ötən gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak etməsi bunun yeni bir nümunəsidir: “Ölkə başçısı bu məsələləri daima diqqətdə saxladığını bildirdi. Həmçinin dövlət başçısı bildirdi ki, bu siyasət bundan sonra da davam edəcək. Xüsusi qayğıya ehtiyacı olan hər bir ailə bilir ki, onun problemlərinin həlli cənab Prezidentin diqqətindədir və mütləq həll ediləcək. Bunun üçün isə əlbəttə ki, düzgün dövlətçilik siyasəti, iqtisadiyyatın inkişafının təmin edilməsi, beynəlxalq birlikdə Azərbaycanın layiqli yerinin tutulması üçün gərgin fəaliyyət lazımdır. Təbii ki, biz bunun daima şahidi oluruq və Azərbaycanın qazandığı uğurlarla qürur duyuruq.
Hesab edirəm ki, cənab Prezidentin şəxsən şəhid ailələrinə, müharibə veteranlarına mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak etməsi onun verdiyi tapşırıqların necə yerinə yetirilməsini bir daha yoxlamaq istəyindən irəli gəlir. Cənab Prezidentin çıxışında Dağlıq Qarabağ məsələsinə toxunulması, Ermənistanı konstruktivliyə dəvət etməsi və “əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq” barədə verdiyi bəyanat da Azərbaycan dövlətçiliyinin bu gün inkişaf etdiyini, öz hüquqlarını qoruduğunu və tarixi missiyasını yerinə yetirdiyini göstərir”.