Xəbərlər

  • 5 563

Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilib

image

Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri mövzusunda” regional müşavirə keçirilib. SİA-nın xəbərinə görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun rəhbərliyi ilə keçirilən müşavirədə millət vəkilləri Azər Kərimli, Yaqub Mahmudov, Fəttah Heydərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Nəsib Məhəmmədəliyev, Əli Məsimli, Cavanşir Feyziyev, Elşən Musayev, partiyanın rayon təşkilatının sədrləri, icra nümayəndəliyi və digərləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Şəki rayon İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Müşavirədə ilk çıxış edən Şəki rayon icra hakimiyyətinin başçısı Elxan Usubov iclası açaraq rayonda sosial sahə ilə bağlı görülən işlər haqqında məlumat verib.

Daha sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, 1 il bundan öncə xalqımız növbəti dəfə İlham Əliyevə səs verərək Ona 2025-ci ilə qədər Azərbaycanın prezidentlik vəzifəsini həyata keçirməyi həvalə etdilər: “Xalqımız bu addımla yenidən Ulu Öndər Heydər Əliyev siyasətinin davam etməsinə öz razılıqlarını bildirdilər. Beləliklə, 2018-ci ildə keçirilən seçkilərdən 1 il sonrakı müddət ərzində çox əhəmiyyətli, həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər baş verib. Bu dəyişikliklər içərisində xüsusi diqqəti cəlb edən məsələ vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar çox əhəmiyyətli və genişmiqyaslı strategiyanın reallaşmasıdır. Prezident seçkilərindən İlham Əliyevin imzaladığı ilk Fərman da vətəndaşlarımızın müəyyən qisminin sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar olub. Ötən 1 il ərzində həyata keçirilən çoxmiqyaslı tədbirlər çərçivəsində sosial yönümlü, sosial strategiyanın həyata keçirilməsi ilə bağlı Prezident tərəfindən çox vacib sənədlər imzalanıb. Nəticə etibarı ilə Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmağa başlanıb”.

Ə.Əhmədov qeyd edib ki, Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırılıb: “Beləliklə, Azərbaycanda təxminən 600 mindən çox insanın yaşayış səviyyəsində, aldığı əmək haqlarında ciddi artım baş verib. Eyni ilə minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına kömək göstərəcək. Eyni zamanda Azərbaycan hökumətinin müəyyənləşdirdiyi və illər boyu həyata keçirdiyi müavinətlər, sosial yardımlar, güzəştlərlə əlaqədar da imzalanan prezident sərəncamları ilə çox ciddi addımlar baş verib. Azərbaycanda bütün zümrədən olan vətəndaşlara verilən müavinət, təqaüd və güzəştlər əhəmiyyətli dərəcədə artıb. Elə bir zümrə yoxdur ki, dövlət tərəfindən müəyyənləşdirilən təqaüd, güzəşt və yardımlarda bu və ya digər dərəcədə artımlar olmasın. Beləliklə də Azərbaycan vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addım atılıb”.

Baş nazirin müavini məmnunluqla qeyd edib ki, bu addımların atılması, sosial strategiyanın daha qabarıq şəkildə reallaşması, bununla əlaqədar olaraq Prezident tərəfindən imzalanan çox vacib sənədlər iqtisadiyyatımızın inkişafı ilə bağlı olan, həyata keçirilən islahatların məntiqi nəticəsinə, yekunlarına söykənir. İqtisadi sahədə, eləcə də digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycan hökumətinin imkanlarının artması nəticəsində reallaşdırılır. Bunun sayəsində bu ildən etibarən sosial siyasətin daha qabarıq şəkildə həyata keçirilməsi istiqamətində addımlar atılır. Hər bir dövlətin həyata keçirdiyi funksiyalar çərçivəsində iki vəzifə fundamental məna və əhəmiyyət kəsb edir. Onlardan biri təhlükəsizliyin təmin edilməsi, ikinci insanların rifahının yaxşılaşdırılmasıdır. Əlbəttə sevindirici haldır ki, Azərbaycanda Ulu Öndərin qoyduğu ənənəyə sadiqlik, əmin-amanlıq, təhlükəsizlik təmin olunur. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. İndiki halda dünyanın bir çox ölkələrdə baş verən qanlı toqquşmalar, fəlakətlər müharibələr fonunda Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir. Bu sərvət Heydər Əliyev siyasətinin Azərbaycana verdiyi ən böyük nemətlərdən biridir. Prezident İlham Əliyev də bu xətti, strategiyanı uğurla davam etdirir”.

Ə.Əhmədov bildirib ki, sabitlik, əmin-amanlıq insanların təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir: “Amma bir tərəfdən sakitlik, təhlükəsizlik ölkənin inkişafının ən ümdə əsaslarından ilkin şərtlərindən biridir. Təhlükəsizlik, sabitlik olmasa hər hansı iqtisadi islahatlardan, müşahidə etdiyimiz uğurlardan, nailiyyətlərdən söz açmaq olmaz. Hesab edirəm ki, Azərbaycan vətəndaşları sabit bir ölkənin vətəndaşları olduğu üçün özlərini məmnun və xoşbəxt hesab edə bilərlər. Bütün bunların sayəsində Azərbaycan inkişaf edir. Həyatımızın bütün sferalarında böyük inkişaf gedir. Azərbaycan müasirləşir, yeniləşir, bütün bölgələrimiz sürətlə inkişaf edir, insanların yaxşı yaşaması üçün bütün şərtlər yaradılıb. Bu illər ərzində Azərbaycan köklü şəkildə dəyişib, yeniləşib. Bu inkişaf Şəkidən də yan keçməyib. Azərbaycanın hər yerində hökm sürən inkişaf burada özünü göstərməkdədir. Bütün bunlar daha çox insanların rahat yaşaması, layiq olduqları səviyyədə şərait və imkanların yaradılması məqsədilə baş verir. Bu mənada sabitlik, əmin-amanlıq baş verən dəyişikliklər üçün ilkin şərtdir”.

YAP-ın Sədr müavini vurğulayıb ki, 2003-cü ildən prezidentlik fəaliyyətində olan İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir: “Bu istəyin həyata keçirilməsi üçün maddi bazanın yetişdirilməsi vacibdir. İqtisadiyyatı inkişaf etdirmədən, insanları işlə təmin etmədən onların həyat səviyyəsinin yüksəldilməsi üçün lazım olan resursların qazanmadan sosial rifahın yüksəldilməsi ilə bağlı arzuları reallaşdırmaq mümkün deyil. Bu xəyaldan başqa bir şey olmayacaq. Ona görə də 2003-cü ildən həyata keçirilən siyasətin qayəsi bu şərtləri formalaşdırmaq, bu şərtlər əsasında insanların rifah halını yaxşılaşdırmaq olub. Məhz bu şərtlər yarandığına görə artıq geniş miqyaslı sosial xarakterli islahatlar, layihələr həyata keçirilməyə başlanıb. Bu layihələrdən Azərbaycan vətəndaşlarının bütün təbəqələri bəhrələnir”.

İclasın davamında çıxış edən millət vəkilləri Fəttah Heydərov, Yaqub Mahmudov Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət haqqında fikirlərini bildiriblər.

Nailə Məhərrəmova

Digər xəbərlər