Vüsal Qasımlı: “Dövlət idarəetmə islahatları Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun aparılır”

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) “İslahat icmalı” dövlət idarəetmə sistemində aparılan islahatlara həsr olunub.

AZƏRTAC xəbər verir ki, mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə yerli özünüidarəetmə və maliyyə xidmətləri üzrə tənzimləmə və nəzarət sisteminin islahatlarının dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmət etdiyini deyib.

“Strateji Yol xəritələrinə uyğun olaraq xarici şokların mənfi təsirindən uzaqlaşandan və yeni hərəkətverici iqtisadi drayverlər hesabına inkişaf xətti bərpa edildikdən sonra Prezident İlham Əliyev tərəfindən dövlət idarəetmə islahatlarının yeni səhifəsinin açılması tarixi qanunauyğunluq idi. Dövlət idarəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqlənib, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”a keçidi, “Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və kölgə iqtisadiyyatından leqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idarəetmə islahatları, o cümlədən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb”, - deyə V.Qasımlı bildirib.

O deyib ki, məhkəmə hakimiyyətində aparılan islahatlar isə özündə elektron məhkəmənin inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin və məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsini, humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik institutunun inkişafını, məhkəmənin maddi-texniki bazasının gücləndirilməsini, məhkəmə ekspertizası işinin daha da təkmilləşdirilməsini ehtiva edir. Hakimiyyətin icra və məhkəmə qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə davam edir. Növbədənkənar seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcək. Burada həm yeni deputatlar korpusunun formalaşdırılması, həm də institusional təkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalaşması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaq. Bələdiyyə seçkiləri isə yerli özünüidarəetmə orqanlarının yenilənməsinə dəstək olacaq”.

İİTKM-in icraçı direktoru qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulub. Azərbaycan Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi” subindikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib. Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, hökumətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, hökumətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, hökumətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. “ASAN xidmət”, DOST, ABAD, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Şəbəkə və sair xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır.

“Azərbaycandan dövlət idarəetmə islahatları bundan sonra aparılacaq iqtisadi və sosial islahatların sistemliliyini və dayanıqlılığını təmin edəcək, ölkənin davamlı inkişafına zəmin olacaq. Ən əsası islahatların sistemli, rəvan və hər hansı gərginlik olmadan aparılması islahatlara inamı artırır. Azərbaycan ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir”, - deyə o əlavə edib.