Yeniyetmə idmançılarımız Lozannaya yola düşəcək

Azərbaycan nümayəndə heyətinin İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarına hazırlığı sona çatır. Yanvarın 8-də nümayəndə heyəti Lozannaya yola düşəcək. SİA-nın məlumatına görə, Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edən Azərbaycan komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcək. Yanvarın 9-da keçiriləcək açılış mərasimində komandamızın bayraqdarı Y.Ryabova olacaq. Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev və beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 79 ölkədən rekord saytda - 1872 idmançının iştirakı gözlənilir. Bu rəqəm əvvəlki Oyunlarla müqayisədə 40 faiz çoxdur.Təşkilatçı ölkə olan İsveçrə tarixində ilk dəfə ən çox (112 nəfər) atletlə idmanın 15 növündə təmsil olunacaq. İdmançı sayına görə İsveçrəni Rusiya, ABŞ və Almaniya (hər üçü 96 idmançı) izləyir.Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycandan əlavə daha 11 ölkə ilk dəfə təmsil ediləcək. Bunlar Albaniya, Ekvador, Haiti, Honq-Konq (Çin), Kosovo, Pakistan, Qatar, Sinqapur, Tailand, Türkmənistan, Trinidad və Tobaqodur.Olimpiadaya yanvarın 22-də yekun vurulacaq.

sia.az