Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyində “Judo Club 2012”nin komandası uğurla çıxış edib.SİA-nın məlumatına görə, klubun cüdoçuları turnirin fərdi yarışlarında 3 qızıl və 2 gümüş medal qazanıblar. Belə ki, klubun yetirmələrindən Nicat Məmmədli (60 kq), Ayxan Tanverdiyev (66 kq) və Camal Feyziyev (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rahidə Cavadova (70 kq) və Murad Məmmədov (100 kq) isə yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Klubun digər üzvlərindən Nihad Ələsgərli (66 kq) turniri beşinci, Sadiq Cəlalov (55 klq) və Vilayət Cəlili (55 kq) isə yeddinci pillədə başa vurublar.Beləliklə, Azərbaycan birinciliyinin fərdi yarışlarında 3 qızıl və 2 gümüş medal qazanan “Judo Club 2012” klubu medalların əyarına görə ikinci yeri tutub.Gənc cüdoçular birinciliyin qarışıq komanda yarışlarında da böyük nailiyyətlər qazanıblar. Kişilərin (73, 90, 90 kiloqramdan yuxarı) və qadınların (48, 57, 63 kiloqramdan yuxarı) 3 çəki dərəcəsində mübarizə apardıqları yarışda ümumi nəticələrə görə, "Judo Club 2012" komandası bütün rəqiblərini üstələyərək Azərbaycan birinciliyinin qalibi olub.Qaliblərə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının diplom, medallar və pul mükafatları təqdim olunub.
sia.az