Çempionlar Liqası: "Real Madrid" və "Mançester Siti"nin səfər sınağı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.SİA-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutacaq.Gecənin maraqlı görüşlərindən biri İtaliyada "Atalanta" və İspaniya "Real Madrid"i arasında baş tutacaq. Vacib oyun öncəsi "kral klubu"nun heyətində ciddi itkilər var. Dani Karvahal, Serxio Ramos, Eder Militao, Marselo, Alvaro Odriosola, Federiko Valverde, Eden Azar, Kərim Benzema və Rodriqo zədəli olduqları üçün meydana çıxa bilməyəcəklər. Meydan sahiblərində isə Hans Hatebur eyni səbəbdən oynamayacaq.Digər matçda isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Qarşılaşma pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Mönhenqladbax təmsilçisində yeganə itki Abdulay Dukuredir. "Şəhərlilər"də isə Natan Ake oyunu buraxacaq.Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
24:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya)
24:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
Qeyd edək ki, ötən gecə baş tutan oyunlarda İngiltərənin "Çelsi" komandası səfərdə İspaniya "Atletiko"sunu 1:0, Almaniya "Bavariya"sı isə İtaliyada "Latsio"nu 4:1 hesabı ilə məğlub edib. 1/8 finalın əvvəlki görüşlərində Fransa PSJ-si İspaniyanın "Barselona" komandasına 4:1, İngiltərə "Liverpul"u Almaniyanın "Leyptsiq" kollektivinə 2:0, Portuqaliya "Portu"su İtaliya "Yuventus"una 2:1, Almaniyanın "Borussiya" (Dortmund) klubu isə İspaniya "Sevilya"sına 3:2 hesabı ilə qalib gəlib.

sia.az