MPG/Gallup təşkilatının keçirdiyi sosioloji sorğu bütün faktları çılpaqlığı ilə ortaya qoydu
Ermənistanın postmüharibə dövrünün gerçəklikləri bu dəfə özünü böyük sorğuların keçirilməsi üzrə mütəxəssis olan MPG/Gallup təşkilatının 18-21 may tarixləri arası telefon zəngləri üzərindən reallaşdırdığı sosioloji sorğusu nəticəsində göstərdi. Məqsəd isə iyunun 20-nə planlaşdırılan növbədənkənar parlament seçkilərində ölkədəki vəziyyətlə, eləcə də siyasi güclərin bölgüsü ilə bağlı əhalinin fikirlərini öyrənmək olub. SİA xəbər verir ki, əldə olunan nəticələrə görə, 44 günlük müharibədən sonra dağıdıcı məğlubiyyətə uğramış ölkə müharibəsonrası altı ayda istər daxili, istərsə də xarici siyasətində də sarsıdıcı zərbələrə məruz qalıb.
Beləliklə, sorğunun nəticələrinə görə, erməni seçicilərin də fikir müxtəliflikləri ortaya çıxıb. Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyasına 34,4% seçici öz səsini verməyə hazır olduğunu bildirib. Məlumdur ki, bu rəqəm hakim partiyaya müəyyən qədər dəstəyin olduğunu göstərir, lakin fakt budur ki, “Vətəndaş sazişi” partiyasına hələ də dəstək göstərənlər kifayət qədərdir. Çünki sorğuda iştirak edən ümumi 28% əhalinin bir hissəsinin “Vətəndaş sazişi”nə verilən 34%-də yer alması da bu cür qənaətə gəlməyə zəmin yaradır.
Respondentlər kapitulyant Nikolu revanşı Robertdən və Serjdən niyə üstün tutur?
Maraqlıdır ki, bunu müxalifət güclərinə göstərilən və elə də üstünlük təşkil etməyən faizlər də açıq-aydın şəkildə sübut edir. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın lideri olduğu və “Daşnaksyutun”la birləşdiyi bloka 14,3% ümumi respondentlərin yalnız 19,9%-i dəstək göstərə biləcəyini bildirib. Formal olaraq aparıcı müxalifət partiyası olan “Çiçəklənən Ermənistan”a isə 4,1% ümumi respondentlərin 5,7%-i dəstək göstərib.
Yuxarıda göstərilən güclərin isə parlamentə daxil olacaqları şübhə doğurmur. Kənarda qalanlardan biri isə daha bir iddialı güc – ölkənin üçüncü prezidenti olmuş Serj Sarqsyanın Respublika partiyasıdır. Bu partiya vaxtilə Nikol Paşinyan hökumətində Milli Təhlükəsizlik Xidmətinin direktoru olmuş, hazırda “Vətən” adlı müxalifət partiyasına rəhbərlik edən Artur Vanetsyanla bloka daxil olub. Sorğunun nəticəsinə görə, onlar bir yerdə 3,1 % ümumi respondentlərdən yalnız 4.3% səs toplaya biliblər. Bütün bu göstəricilər təsdiq edir ki, Nikol Paşinyan hökuməti hətta ölkəsinin yaşadığı ağır, sarsıdıcı məğlubiyyətdən, ona qarşı yönəlmiş satqın ittihamlarından, eləcə də bir müddət əvvəl Baş Qərargahın həyata keçirməyə hazırlaşdığı uğursuz qiyamından sonra belə ona verilən dəstəyin qalması düşündürücüdür. Sual yaranır ki, necə və hansı əməllərinə görə?
Əslində onu da etiraf edə bilərik ki, Ermənistan əhalisi heç də birmənalı olaraq müxalifətə inanmır. Xüsusilə, Qarabağ klanı deyilən bandalara. Lap dəqiq desək, Koçaryan-Sarqsyan cinahlarına. Ermənilər daha çox kapitulyant adlandırdıqları Nikol Paşinyanı onlardan üstün hesab edirlər. Yəni fakt budur ki, sadə erməni onları eks-prezident olaraq rədd edir, çünki bu adamlar xalqın qanını sonuna qədər içib-tükəndiriblər.
Əbəs deyil ki, bizlər zaman-zaman erməni ictimai rəyi arasında “Qarabağ bizə lazım deyil” fikirlərini get-gedə çox eşitməyə başlayırıq
Başqa yandan, müharibənin reallıqlarını, uduzmağı, sarsıdıcı, ağır zərbələri üzərində hiss edən sadə xalq, daha doğrusu, düşünə bilən sadə erməni seçicisi revanşçıların hakimiyyətə gələrək yenidən müharibə başladacaqlarından, qanlarının isə əvvəlkindən də çox içiləcəyindən qorxur. Əbəs deyil ki, bizlər zaman-zaman erməni ictimai rəyi arasında “Qarabağ bizə lazım deyil” fikirlərini get-gedə çox eşitməyə başlayırıq.
Lakin MPG/Gallup sorğu təşkilatının apardığı sorğu nəticələrindən digər məqamlar da üzə çıxmağa başlayır...
Ermənistanda ABŞ və Fransanın reytinqi Rusiyadan fərqli olaraq qat-qat artmağa başlayıb
Bu, Ermənistanın xarici siyasətində Rusiyadan “müttəfiq” olaraq istədiyini ala bilməməsi faktıdır. Əgər müharibədən əvvəl ermənilər sual veriləndə ki, çətin məqamda hansı tərəfdən hərbi-siyasi dəstək gözləyirlər, onların 79,6%-i “Rusiya” cavabını verirdilər. İndi isə analoji cavabı yalnız 38% respondent verir. Fəqr göz önündədir. Özü də diqqət yetirsək görərik ki, sorğu məhz Ermənistan-Azərbaycan sərhədində situasiyanın gərginləşdiyi bir dövrə təsadüf edir. Bu dəfə də ermənilərin gözləntiləri heç də onların istədikləri nəticəyə doğru inkişaf etmir. Misal üçün, erməni hökumətinmin müraciətinə rəğmən, Rusiya və KTMT-nin bu məsələdə heç bir hərbi-siyasi qərar verməməsi də bu qəbildəndir.
Ancaq mövcud məsələdə erməni elektoratının xarici siyasət orientasiyasının fərqli tərəfə yönəldiyini də göstərmək mümkündür. Məsələn, qərbyönümlü cinaha. Belə desək, Fransanın reytinqi respondentlərin qərarlarına görə müharibənin sonundan hazırkı vaxta qədər 20,7-dən 31,3%-ə qədər yüksəlib.
ABŞ isə demək olar ki, eyni səviyyədə qalıb – 23,9% və 23,8%. Lakin martın sonlarındakı göstəricilər də sübut edir ki, ABŞ-a olan münasibət 16,4%-dən 23,8-ə yüksəlib. Fransaya isə daha çox – 6,4%-dən 31,3%-ə qədər. Mart ayı göstəricilərinə görə Rusiyaya yönəlik məsələdə respondentlərin faiz hesabı çox aşağı düşüb – 62,9%-dən 38,3%-ə qədər. Yəni 24,6% azalıb.
Yalnız 9,7% sorğu iştirakçısı ölkələrinin imkanlarına inanırdı, bu gün isə həmin faiz “0”dır!
Amma gəlin ən maraqlı məqama diqqət yetirək – Ermənistanın özünə bir dövlət kimi heç bir erməni bel bağlamır. Müharibənin sonunda respondentlərin yalnız 9,7%-i öz ölkələrinin imkanlarına inanırdı. İndi bu faizlər ümumiyyətlə yoxdur.
Və o da maraqlıdır ki, bu sorğuda mövcud opsiya ümumiyyətlə nəzərdə tutulmamışdı, respondentlərin isə özləri öz ölkələrinə inamlarını itirdiklərini bildiriblər. Təkcə bu gerçəklik də göstərir ki, seçkilərdə iştirak etməyəcək insanlar da olacaqlar. Onlar əllərini hər yerdən, hər şeydən üzərək acı taleləri ilə barışmağı daha üstün tutublar. Yəni belə demək mümkündürsə, onlar mövcudluğunu itirməyə doğru sürətlə yuvarlanan bir ölkənin vətəndaşları olduqlarını dərk edirlər.
Ermənilərin 56 %-i ölkəni yaşamaq üçün təhlükəli hesab edirlər
Sonuncu məqam isə sosial araşdırmanın üçüncü tərəfidir. Respondentlərin 56%-i hesab edirlər ki, Ermənistanda yaşamaq təhlükəsiz deyil. Bu isə erməni ictimaiyyətinin dərin ruhi-psixoloji sınmaya məruz qaldıqlarını isbatlayır.
Bütövlükdə, Ermənistanda keçirilən növbəti sosioloji sorğu sübut edir ki, müharibədəki məğlubiyyət dövlət və onun əhalisi üçün ciddi sarsıntı yaradıb. Hətta müharibənin bitməsindən yarım il keçməsinə rəğmən, Ermənistandakı sistemli böhran daha iri miqyaslara doğru artır, faktiki olaraq ölkənin dövlətçilik perspektivlərini itirdiyini göstərir. Ermənistan bu reallıqlar qarşısında növbədənkənar seçkilərə doğru gedir...
Rövşən RƏSULOV